Əbülfəs Qarayev də gözlənilən təhlükəli hava ilə bağlı göstəriş verdi

ebulfes-qarayev-de-gozlenilen-tehlukeli-hava-ile-bagli-gosteris-verdi
Oxunma sayı: 3233

17-18 yanvar tarixində ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı aidiyyəti qurumların rəsmi xəbərdarlığı nəzərə alınaraq və Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi barədə qərar qəbul olunub.

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb.

Sənədə əsasən, yanvarın 17-si və 18-i Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması və bununla bağlı tədbirlərin təxirə salınması barədə tapşırıq verilib.

Həmçinin, nazirliyin regional mədəniyyət idarələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və mədəniyyət müəssisələrinin rəhbərlərinə  hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrində lazımi ehtiyat tədbirlərinin görülməsini təmin etmək tapşırılıb.