Ədəbi müsabiqəyə start verilir

edebi-musabiqeye-start-verilir
Oxunma sayı: 647

“Mədəniyyət” kanalı ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir.

"Qafqazinfo" xəbər verir ki, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun sözlərinə görə, müsabiqəni keçirməkdə məqsəd ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir. Müsabiqəyə dörd mövzu üzrə Vətənpərvərlik, Azərbaycan bayrağı, Doğma Bakı, Milli həmrəylik mövzusunda poeziya nümunələri qəbul olunur.

Ramil Qasımov qeyd edib ki,  Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan da belə müsabiqələrin keçirilməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd eyni zamanda  müasir bəstəkarlar tərəfindən yazılan mahnıların mətnlərini təmin etməkdir. 
Sonda hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən qalib elan ediləcək, şeir nümunələrinə  mahnılar bəstələnəcək və “Mədəniyyət” kanalı vasitəsilə yayımlanacaq. Bu isə istər poeziya həvəskarlarına, istərsə də musiqisevərlərə Mədəniyyət kanalının bir töhfəsi olacaq. Qalibləri əlavə pul mükafatı da gözləyir.

Əsərlər kompüterdə yığılmış versiyada 3 nüsxə olaraq “Mədəniyyət” kanalına, [email protected] elektron ünvanına və ya Azərbaycan Yazıçılar Birliyinə təqdim olunmalıdır. Müsabiqəyə əsərlərin qəbulu sentyabrın 10-a qədər davam edəcək.