Ədəbiyyatın 6 nömrəli palatası, yaxud xəyali dəlixana

edebiyyatin-6-nomreli-palatasi-yaxud-xeyali-delixana
Oxunma sayı: 1654

Fərid Hüseyn

Biz bəzən dəyərləri qarışdırırıq və buna görə də saysız problemlərlə üzləşirik. Məsələn, bu gün ilahi vergiylə, mistikaya inam bir-birinə qarışıb. Əli qələm tutanın əksəri mətnlərin göydən endiyini iddia edir. Ədəbiyyat adamlarının içində vergili olanlar yox deyil, bu, danılmaz faktdır, amma vergi hər yoldan ötənə verilmir axı. Mən özünü vergili deyən adamların çoxunu təqibolunma xəstəliyinə tutulanlara bənzədirəm. Binəvalar hər yerdə onları İlahi qüdrətin “izlədiyini” zənn edirlər. İlahi verginin onları “izlədiyini” düşünənlərin əksəri Çexovun “6 № palata”sının qəhrəmanı, təqibolunma xəstəliyindən əziyyət çəkən İvan Dmitriviçə bənzəyirlər. Onlara elə gəlir ki, ancaq hansısa ovqata köklənəndə nəsə yaratmaq olar, yazmamaq üçün hər cür fantaziya uydururlar, belələri həm də az kitab oxumaqlarıyla “seçilirlər”. Yuxarıda adı çəkilən əsərdə Dmitriviçin ovqatını xatırlayaq: “O tənhalıq axtararaq adamlardan qaçmağa başladı. Əvvəllər qulluq etməkdən sadəcə zəhləsi getdiyi halda, indi qulluq etmək ondan ötrü lap dözülməz olmuşdu. O, qorxurdu ki, birdən onu aldadarlar, xəbəri olmadan cibinə rüşvət qoyarlar, sonra da üstünü açarlar və ya bilmədən rəsmi idarə kağızlarında saxtakarlığa bərabər bir səhv edər, ya da özgə pulunu itirər. Qəribə burasıdır ki, onun fikri heç bir zaman indiki kimi elastik və yaradıcı olmamışdı, indi azadlığının və namusunun ciddi təhlükə altında olduğunu özünə təlqin etmək üçün hər gün min cür müxtəlif səbəblər uydurub düzəldirdi. Lakin burası da var ki, xarici aləmə, xüsusən kitablara marağı xeyli azalmış, hafizəsi zəifləmişdi”.

 

***

Bəzən ədəbi mühitdə eləsi də tapılır ki, sinəsini irəli verib deyir: “Bu əsərdə ağrı yoxdur”. Qanmaq müşkül deyil: elə ağrılar var onları öz həyatında yaşamasan, yaxud oxşar bir hadisə taleyində öz əksini tapmasa, ağlamalı dərdə heç tükün də tərpənməyəcək. Yanağından qan damanları, həyatı daim xoşbəxt keçən adamların “o əsərdə iztirab yoxdur” deyənləri bu dünyada ancaq ortabab sevgi şeirləri təsirləndirə bilər. İztirab, əzab, məncə, elə şeydir ki, onu nəzəriyyə ilə anlamaq olmur, gərək öz həyatında həmin hissləri yaşayasan. “6 № palata”da həkim Andrey Yefimovi Ragin həyatı min cür zülmətdən keçmiş xəstə İvan Dmitroviçə təlqin etmək istəyir ki, ağrı yoxdur. Hətta ona sitat çəkib fikrini əsaslandırır: “Mark Avrelli deyib ki, ağrı – ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə – ağrı öz-özünə yox olar”. Bu doğru fikirdir. Filosof və ya, sadəcə olaraq, təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə baxır. O həmişə razıdır və heç bir şeyə heyrət etmir”. İndi isə stoizm məsləkinin tərəfdarları kimi danışan həkimə İvan Dmitroviçin verdiyi cavaba (mənim yuxarıda iztirab çəkməklə bağlı əsaslandırmaq istədiyim fikri iki əsr əvvəlki münasibətə) baxaq: “Siz təbiətcə tənbəl, lırt bir adamsınız, ona görə də həyatınızı elə qurmağa çalışmısınız ki, sizi heç bir şey narahat eləməsin və yerinizdən dəbərtməsin. İşlərinizi feldşerə və başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit bir yerdə oturmusunuz, vaxtınızı pul toplamaqla, kitab oxumaqla, cürbəcür yüksək mənasızlıqları düşünməklə və sərxoşluq etməklə keçirmisiniz. Xülasə, həyatı görməmisiniz, onu əsla tanımırsınız, həqiqətlə isə yalnız nəzəri cəhətdən tanış olmusunuz”.
Əsərlərdə iztiraba “kor olanlar”, məhz həmin həqiqətlə nəzəri cəhətdən tanış olanlar, “dərd nəzəriyyəçiləri”dir.

***

Bu gün ədəbiyyata kütləvi şəkildə gəlməyi bəzi adamlar təqdir edib deyirlər: “Pis iş görmürlər ki, şeir, nəsr yazırlar da”. Məsələyə ayıq başla baxanda bugünkü kütləviliklə Sovet dövrünün kütləviliyinin arasında, yerlə göy qədər fərq var. Sovet dövründə qəzet, jurnal az olduğuna görə, hər şeir yazan vahid filtrdən “keç”məli olurdu, ən azından redaktor standartları ədəbiyyatı “idarə edirdi”. Bu gün isə sosial şəbəkələr, sayt bolluğu kütləvi istedadsızlığa bəraət qazandıra bilir. Bu gün bəzilərinin dilindən eşitdiyimiz “qoy yazsınlar” çağırışı mənə Çexovun “6 № palata” hekayəsindəki bir söhbəti xatırladır: “...Rusiyada fəlsəfə yoxdur, amma hər kəs, xırda-xuruş adamlar da filosofluq edir. Axı bu adamların heç kəsə filosofluq etməyə haqqı yoxdur. ...Bu xırda-xuruş adamlar təmin olunmadıqları halda, necə filosofluq etməsinlər. Ağıllı, mərifətli, məğrur, azadlıqsevən, sadədil bir şəxs üçün çirkin, sarsaq bir şəhərə ara həkimi getməkdən və ömrünü küpə qoymaq, zəli salmaq, qan aldırmaqla keçirməkdən başqa çıxış yolu yoxdur. Bu qədər şarlatanlıq, məhdudluq, bayağılıq olar? Ay Allah!”.