Ədliyyə naziri Cocuq Mərcanlıda görüş keçirdi - Fotolar

edliyye-naziri-cocuq-mercanlida-gorus-kecirdi
Oxunma sayı: 1666

Fevralın 23-də ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı, həmçinin bölgənin ədliyyə işçiləri və hakimləri ilə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması qeyd edilib, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyi bildirilib.

Cocuq Mərcanlı kəndinə səfər çərçivəsində ədliyyə naziri və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dövlət başçısının tapşırıqlarına uyğun olaraq qısa müddətdə görülmüş geniş quruculuq işləri, o cümlədən müasir infrastruktur, həmçinin yeni tikilmiş məscid və məktəb binası ilə tanışlıq olub, təhsil ocağında ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulub, Ədliyyə Nazirliyi tərəfindən məktəb üçün kompüter dəsti hədiyyə edilib.

Həmçinin yerli sakinlərlə görüşdə onların şəraiti və qayğıları ilə maraqlanılıb, sovqatlar paylanılıb.