Əflatun Amaşov yeni səfirlə görüşdü - Fotolar

eflatun-amasov-yeni-sefirle-gorusdu
Oxunma sayı: 1856

Bu gün Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Zurab Pataradze ilə görüşüb.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, Mətbuat Şurasından keçirilmiş görüşdə Ə.Amaşov qonağı salamlayaraq ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Deputat dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O, əməkdaşlıq üçün yeni imkan və şərtlərin mövcudluğunu bildirərək parlamentlərarası əlaqələrin bunu dəyərləndirmək baxımından vacib platforma olduğunu dilə gətirib, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Gürcüstana bir neçə ay öncə gerçəkləşmiş səfərinin faydalı tərəflərinə toxunub.

Səfir Z.Pataradze də Azərbaycanın beynəlxalq miqyasda Gürcüstanı hər zaman dəstəkləməsini vacib məqam kimi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.