“Əgər bu terror baş tutsaydı…” - Millət vəkili

“Əgər bu terror baş tutsaydı…”
Oxunma sayı: 5891

Parlamentin Müdafiə, təhlükəsizlik və koorupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc həbsdən qaçan məhbuslar və müxalifətin mitinqində terror törədiləcəyi faktı ilə bağlı DTX-nın yaydığı informasiyaya  münasibət  bildirib. 

Z. Oruc “Qafqazinfo”ya bildirib ki, penitensiar xidmətdə çox böyük islahatlar aparılır: “Cəzaçəkmə müəssisələrinin yenidən qurulur, nəzarət tədbirləri dəyişdirilir, məhbusların hüquqlarının genişləndirilir. Məlum qaçış hadisəsi isə bütövlükdə “penitensiar sistem öz işini  qura bilmir” deməyə səbəb olmamalıdır. Həmin qurumun rəhbərlyi kifayət qədər peşəkar adamlardırlar. Bunu bütövlükdə təhlükəsizlik əleyhinə olan hadisə kimi dəyərləndrmək yanlış olardı. Çünki biz  həmin şəxslərin kriminal elementlər kimi nə miqyasda təhlükələr törədə biləcəyini bilmirik. 

Şəxslər əleyhinə olan məsələ bütövlükdə ictimai- siyasi, dövlətin maraqlarının ziddinə olan hadisə kimi dəyərləndirilməməmidir. Doğrudur, bu qətiyyən yaxşı olan hadisə deyil.  Əminəm ki, verilmiş sərt qərarlar, cəzalandırmalar, vəzifəsini itirən adamların timsalında bu sistemdə daha ciddi qanuni münasibətləri bərqərar olacaq”. 

Müxalifətin mitinqində terror törədiləcəyi məsələsinə gəlincə isə o qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə həmin şəxslər dini ekstremist kimi göstəriliblər və məhv ediliblər: “Bu onu göstərir ki, konkret olaraq müəyyən bir ideologiyaya sahib olan şəxslər bu işdə qurban kimi seçilib. Bu adamlar içərisində xüsusi bir ləqəbə malik olub əmir rütbəsini alan da olub. Bunlar konkret olaraq xarici terror şəbəkəsinin elementləridir. 

İkincisi, Yaxın Şərqdə İŞİD-in baş qərargahı olan şəhər ələ keçirilib. Rakkada kürd yaraqlıları, ABŞ-ın fərdi qüvvələri, Rusiya, İran, Türkiyənin silahlı qüvələri öz döyüş əməliyyatlarını uğurla davam etdirirlər. Uzun illər ərzində gözlənilən məsələ məhz indiki zamanda meydana çıxmış olur. Terror şəbəkələrinin yuvaları dağıldıqca onların mənsub olduqları ölkəyə qayıtmaq məsələləri özünü güclü şəkildə göstərməkdədir. Əlbəttə, terror təhlükəsi yerləşdiyimiz regiona görə mövcuddur. Vətəndaşlara təhlükə siqnalı vermək, ictimai həyatımızın, siyasi həyatımızın pozulmasının lehinə olan böyük güclər  var  deməyi də məqbul saya bilmərik. Azərbaycanda təhlükəsizlik şəraiti mövcuddur, bunu hamımız yaxşı qiymətləndirməliyik”. 

Onun sözlərinə görə, konkret olaraq dövlət, hökumət orqanları əleyhinə deyil, terrorçuların kütləvi insanların toplaşdığı yerləri hədəf seçmək istəkləri olub: “Burada müxalif qüvvələrin aksiyası əsas marağı cəlb edib. Onların üstündə siyasi əllər işləyirmi? Bu gün Azərbaycanı xarici aləmin sərt basqılarına məruz qoymaq üçün müxalif şəxslərə, onların elitasına belə tədbirləri etməklə gerçək qarışıqlıq yaratmaq niyyətləri vardımı? Bütün bu sualları informasiya yetərsizliyindən cavablandırıla bilmirəm. Ancaq həmin əməliyyat baş tutsaydı, terror reallaşsaydı, bunun çevrəsində qurulacaq isterikaları, aksiyaları, bəyanatları, xarici reaksiyaları göz önünə gətirmək o qədər də çətin olmazdı. Daha çox həyatını itirən adamlar üzərindən dövləti linç etmək istəyənlər olacaqdı. Ona görə də siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir aksiya iştirakçısı təhlükəsizlik baxımından Azərbaycan dövlətinin yanında olmalıdır”. 

Deputat xatırladıb ki, DTX rəhbəri bir müddət əvvəl bəyan etmişdi ki, Azərbaycandan İŞİD-in yanına gedənlərin sayı 900 nəfərə yaxındır: “300-ə yaxın şəxs həyatını itirib. 100-ə yaxını həbs olunub. Yerdə qalan 500 nəfərin adları haqqında hələ də məlumat yoxdur. Kimsə qonum-qonşusunun o təşkilata qoşulduğu haqqında məlumata sahibdirsə,  bunu müvafiq orqanlarla bölüşməlidir”.

Günel Türksoy

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi