Əgər demokratiya budursa...

eger-demokratiya-budursa
Oxunma sayı: 3729

Seymur Verdizadə

Dünən günə kədərli xəbərlə başladım. Türkiyə televiziyalarını seyr edərkən məlum oldu ki, İzmirdə bir mağaza sahibi 7-8 yaşlı suriyalı uşağı başının üstünə qaldırandan sonra zərblə yerə çırpıb. Uşağın günahı mağazanın qarşısında düzülmüş velosipedlərdən birinin siqnalına toxunmaq olub.

Həmin uşağı tanımıram. Aydın məsələdir ki, o, suriyalı, mən isə azərbaycanlı olduğum üçün bizi hər hansı dostluq və qohumluq telləri bağlamır. Amma öz övladlarımı bir anlığa həmin uşağın yerinə qoyduğum üçün əməlli-başlı pərişan oldum. Uşağa əl qaldırmaq nadanlıq əlamətidir.

Ola bilsin ki, oxucuların arasında “uşaq niyə əlini dinc qoymurdu?” deyib, həmin iş adamına haqq qazandıranlar da var. Bu adamlara bir qədər geriyə, qayğısız uşaqlıq illərimizə qayıtmağı təklif edirəm. Mən 7-8 yaşımda həmin uşaqdan da nadinc olmuşam. Amma heç kim məni vurmağa cəsarət etməyib. Çünki valideynlərim dağ kimi arxamda dayanmışdılar. Üstəlik, bəyənmədiyimiz sovet hökuməti uşaqların hüquqlarını böyüklərin hüquqlarından daha yaxşı qoruyurdu.

Suriyada isə hökumət yoxdur. Bəşər Əsəd öz ölkəsini çoxdan ABŞ və Rusiyanın poliqonuna çevirib. Vətəndaş müharibəsi nəticəsində Suriyada 200 mindən çox adam həlak olub. Böyük şəhərlərin əksəriyyəti dağıdılıb, yüzlərlə kənd yerlə yeksan edilib. Yüz minlərlə insan Avropaya getmək üçün yollar axtarır. Suriyada xaos, özbaşınalıq hökm sürdüyü üçün üz tutduqları ölkələrdə onları təhqir edir, başlarının üstünə qaldırıb, lazımsız əşya kimi yerə çırpırlar.

Əfqanıstanda da vəziyyət bu cür acınacaqlıdır. Terror nəticəsində bu ölkədə hər gün 30-40 nəfərin ölməsi adi hala çevrilib. Aclıq və səfalət insanları əldən salıb. Ötən il Əfqanıstandan gələn bir qaçqınla görüşmüşdüm. Söhbət əsnasında demişdi ki, onun ölkəsində insanlar ən yaxşı halda həftədə iki dəfə yemək yeyirlər. Digər vaxtlar isə quru çörəyi suya batırıb, onunla keçinirlər.

Suriya və Əfqanıstanda olduğu kimi, Liviyada da insanlar bir tikə çörəyə möhtacdır. Halbuki Qəddafinin zamanında dövlət doğulan hər körpə üçün onun valideynlərinə 7 min dollar vəsait ödəyirdi. Ölkədə çoxuşaqlı ailələr üçün ucuz qiymətə ərzaq məhsulları satan mağazalar şəbəkəsi fəaliyyət göstərirdi. İşsizlər üçün ödənilən aylıq müavinət isə 730 dollar təşkil edirdi. Bundan başqa, dövlət hər bir liviyalıya xərcləmək üçün ildə 1000 dollar pul verirdi.

Bəs, indi vəziyyət necədir? Yazım, bunu da bilək: hazırda liviyalılar öz ölkələrini tərk etmək üçün hətta ölümü də gözlərinin önünə alırlar. Ötən ay İtaliya sahillərində bir gecədə 900 liviyalı dənzidə boğulmuşdu...

İraqda da insanlar qan ağlayırlar. Misir və Yəməndə də vəziyyət ürəkaçan deyil. Məncə, açıq danışmağın vaxtı çatıb: ABŞ-ın demokratiya “ixrac etdiyi” ölkələrin hamısında insanlar aclıq və səfalət içərisində çapalayır, daim ölüm qorxusu ilə yaşayırlar. Məni həmişə bir sual düşündürür: xristianların istehsal etdiyi bombalar niyə həmişə müsəlman ölkələrində partlayır?

Bilirəm, bu sətirləri oxuyanda bəzi “dostlar” ağız büzəcəklər. Lütfən, heç kim özünü “demokratiya aşiqi” kimi qələmə verməsin. Biz ABŞ və avropalıların necə demokrat olduqlarını yaxşı bilirik. Onlara qaz, neft, Allah-Təalanın müsəlman ölkələrinə bəxş etdiyi zəngin təbii ehtiyatlar lazımdır. Xaos nəticəsində Şərqdən qaçqın düşən 15-17 yaşlı qızlar bir tikə çörək üçün Qərbdə ədəbaz kişilərin qucağına düşürlər. Əgər demokratiya budursa, mən belə demokratiya istəmirəm!

P.S.Mübarək diktator, Qəddafi psixopat idi. Bəşər Əsəd isə Rusiyanın əlindəki ucuz kukladır. Bu adamların xəstə və axmaq olması Qərbin onların mənsub olduqları xalqlara divan tutmasına əsas vermir.

P.P.S.ABŞ və Avropa özlərinin işğal siyasətinə haqq qazandırmaq üçün uzun illərdi dünya xalqlarına demokratiya haqda nağıl danışırlar. Mən 37-38 il əvvəl, hələ uşaq olanda nənəmin danışdığı nağıllara inanmırdım. O ki qaldı, Obama ola...