“Əgər şəhərdə işıq yoxdursa, yollar bərbad vəziyyətdədirsə...”- Video

eger-seherde-isiq-yoxdursa-yollar-berbad-veziyyetdedirse-video
Oxunma sayı: 671

Bu gün prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbiri giriş nitqi ilə açan prezident çıxışında bildirib ki, bu gün biz ənənəvi olaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik və 2013-cü ildə qarşıda duran vəzifələri təhlil edib növbəti tövsiyələri verəcəyik:

“Bu gün biz ənənəvi olaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik və 2013-cü ildə qarşıda duran vəzifələri təhlil edib növbəti tövsiyələri verəcəyik.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq 9 ildir ki, uğurla icra edilir. Hesab edirəm ki, Proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan etdiyimiz niyyətimiz artıq reallığa çevrilir.

Bu gün isə bu Proqramı uğurla başa çatdırmaq üçün bizim bütün imkanlarımız vardır. Artıq, yenə də demək istəyirəm ki, güclü iqtisadi vəziyyətimiz vardır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bizim artıq gözəl təcrübəmiz vardır. Hazırda Azərbaycanda müxtəlif layihələrdə iştirak edən yerli şirkətlərin sayı böyük dərəcədə artıb.

Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılıb. Bizim beynəlxalq əlaqələrimiz daha da genişləndirilib. Əgər biz əvvəlki dövrdə layihələrin icrası üçün daha çox xarici maliyyə mənbələrindən asılı idiksə, bu gün artıq belə deyildir, Azərbaycan özü kredit verən ölkəyə çevrilibdir. Hətta Azərbaycan dövləti Beynəlxalq Maliyyə Korporasiyasına da - bu qurum Dünya Bankının tərkib hissəsidir, - kredit ayırıb.

Yəni, şübhəsiz, bu illər ərzində ölkəmiz hər cəhətdən uğurla irəliyə gedib. Beləliklə, bu il Proqramı uğurla başa çatdırmaq üçün mən heç bir əngəl, heç bir problem görmürəm. Sadəcə olaraq, yerli icra orqanları, yerli sahibkarlar və mərkəzi icra orqanları həmişə olduğu kimi, əlaqəli şəkildə işləməli və verilən bütün tapşırıqları vicdanla, şərəflə yerinə yetirməlidirlər.

Bu gün artıq əvvəlki illərdə səslənən fikirlərə də biz xarici mətbuatda rast gəlmirik ki, Azərbaycanı “neft lənəti” gözləyir, Azərbaycanda “holland sindromu” olacaqdır, ölkə birtərəfli şəkildə inkişaf edəcəkdir. Artıq bu əsassız fərziyyələr arxada qaldı və keçən ilin iqtisadi göstəriciləri bir daha onu göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur. Çünki keçən il iqtisadiyyatımızın qeyri-neft sektoru təxminən 10 faiz artmışdır. Bu artım onu göstərir ki, apardığımız islahatlar öz səmərəsini verir.

Xüsusilə infrastruktur layihələrinə gəldikdə, ilk növbədə, magistral yolların tikintisi və təmiri aparılmalı idi. Ondan sonra kənd yollarının tikintisi aparılır. Yəni, bu proses davam edir və bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, iş yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bölgələrdə yaşamaq üçün yeni şərait yaradılır.

Hələ ki, problemlər çoxdur. Biz bu problemləri bilirik və bu problemləri həll edirik. Əlbəttə ki, bu il ikinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaqdır. Yəni, dövlət üzərinə düşən bütün vəzifələri icra edir. Eyni zamanda, biz sahibkarlığın inkişafı üçün əməli işlər görürük. Çünki hədəflərimizə çatmaq üçün dövlət və özəl sektor partnyorluğu xüsusi əhəmiyyət daşıyır.

Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. İlk növbədə, sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var – bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Əlbəttə, Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Halbuki, bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da vardır.

Biz sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atmışıq. Bayaq qeyd etdiyim kimi, bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır. Əgər şəhərdə işıq yoxdursa, yaxud da ki, fasilələrlə verilirsə, yollar, kommunal infrastruktur bərbad vəziyyətdədirsə, orada heç bir düz əməlli müəssisə yaradıla bilməz. Ona görə, dövlət tərəfindən qoyulan investisiyalar, o cümlədən sahibkarlığın inkişafına xidmət göstərirdi və göstərir. Eyni zamanda, sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dəstəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilmişdir. Bu maliyyə dəstəyi əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan vermişdir. Bu kreditlər vasitəsilə icra edilən layihələr əlbəttə ki, eyni zamanda, sahibkarların öz vəsaiti hesabına da icra edilir. Yəni, biz burada da dövlətin və özəl sektorun tərəfdaşlığını görürük. Kreditlər məqsədyönlü şəkildə verilir, ilk növbədə, ölkəmizin inkişafına lazım olan sahələrə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün, - bu məsələ ilə bağlı biz hələ danışacağıq, - biz bir neçə il bundan əvvəl qarşıya məqsəd qoymuşuq ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik və məqsədə tədricən yaxınlaşırıq.

Əlbəttə, həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Çünki bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur. Biznes şəraiti, investisiya iqlimi Azərbaycanda yaxşıdır, daha da yaxşı ola bilər. Ancaq hesab edirəm ki, yaxşıdır. Əgər belə olmasaydı, biz keçən il xaricdən doqquz milyard dollar sərmayəni qəbul etməzdik. Sahibkarlığın qarşısında duran əngəllər də növbəti illərdə aradan qaldırılmalıdır.

Hesab edirəm ki, belə müşavirələrin hər il keçirilməsi çox əlamətdar hadisədir. Bir daha biz bütün işləri təhlil edirik, həm bugünkü toplantıda, həm toplantı ərəfəsində. Xüsusilə bu görüşdən sonra veriləcək göstərişlər əminəm ki, bölgələrdə işlərin daha da sürətlə getməsinə imkan yaradacaqdır.

Bu məsələlərlə bağlı bütün qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməlidir - yerli icra orqanları, sahibkarlar, mərkəzi icra orqanları. Çünki bu, bizim ümumi işimizdir. Dəfələrlə demişdim, bu gün də demək istəyirəm ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır. Ona görə özəl şirkətlərə, dövlət şirkətlərinə göstərilən diqqət eyni olmalıdır və hesab edirəm ki, biz buna nail oluruq. Əgər sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq görərik ki, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir. Cəmi 20 il ərzində bazar iqtisadiyyatı şəraitində yaşayan ölkə üçün hesab edirəm ki, bu, böyük göstəricidir.

Mən keçən müşavirədə də demişdim ki, xarici bazarlara çıxmaq üçün yeni imkanlar araşdırılmalıdır. Əlbəttə, xarici bazarlara çıxmaq üçün, ilk növbədə, daxildə istehsal olunan məhsullar yüksək meyarlara cavab verməlidir. Çox şadam ki, son illər ərzində ən müasir standartlara cavab verən yeni müəssisələr artıq işə salınır və dövlət tərəfindən verilən kreditlər təkcə burada maliyyə məsələlərini həll etmir, eyni zamanda, dövlət nəzarəti də təmin edilir. Dövlət tərəfindən verilən tövsiyələr öz rolunu oynayır və beləliklə, ixracyönümlü məhsulların istehsalı da artmaqdadır. Çünki əgər biz gələcəkdə də kənd təsərrüfatını, aqrar sektoru uğurla inkişaf etdirmək istəyiriksə, mütləq bu gün artıq böyük ixrac imkanlarımızı təmin etməliyik, yeni bazarlara çıxmalıyıq.

Baxmayaraq ki, Azərbaycan inkişaf edir və əhali də artır, bizim bazarımız kifayət qədər məhdud bazardır. Ancaq potensialımız çox böyükdür. Ona görə, əgər xarici bazarlara çıxışımız olmasa, bu zaman müəyyən ildən sonra bizim aqrar sektorda aparılan işlər yəqin ki, dondurulmayacaq, ancaq müəyyən səviyyəyə çatandan sonra o səviyyədən artıq inkişaf edə bilməz. Ona görə biz indidən bu işlərlə məşğuluq. Mən də və bizim digər qurumlar da xarici tərəfdaşlarla görüşlər əsnasında bu məsələləri müzakirə edirik. Xarici ölkələrə investisiya qoyuluşu ilk növbədə, bizim investisiya portfelimizi şaxələndirir. Eyni zamanda, biz investorlar kimi bir çox ölkələrdə böyük etimad qazanırıq. Bu etimad nəticəsində gələcəkdə bizim o ölkələrə ixrac imkanlarımız da artacaqdır.

Burada əlbəttə ki, özəl qurumlar dövlət qurumları ilə sıx əlaqədə olmalıdırlar. Çünki bəzi hallarda özəl qurumlar üçün xarici bazarlara çıxmaq o qədər də asan deyil, bəzi hallarda onlar heç maraqlı da deyillər. Ancaq yenə də deyirəm, ölkənin iqtisadi siyasəti vardır. Bu iqtisadi siyasət ilk növbədə, Azərbaycanın hərtərəfli inkişafını təmin etməlidir. Daxili resurslardan maksimum səmərəli şəkildə istifadə edilməlidir və biz xarici bazarlara daha da geniş şəkildə çıxmalıyıq.