Əhalinin narazı olduğu şirkətlərin adı açıqlandı - Prezidentə müraciətlər

Əhalinin narazı olduğu şirkətlərin adı açıqlandı
Oxunma sayı: 10031

Ötən il şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə Prezident Administrasiyasına müraciətlər 28,8 faiz artıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə bildirib. O, qeyd edib ki, il ərzində daxil olan müraciətlərdə əsasən yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.

Müraciətlərdə ən çox aşağıdakı tikinti şirkətlərinin fəaliyyətindən narazılıq ifadə olunub: “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013", “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK və başqaları.

Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olmuşdur və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır.

Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.

Həmçinin, cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olub, “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-lər haqda şikayətlər olub. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilib, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılıb: “Həmçinin, qeyd etməliyik ki, bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilib, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməyib.

Ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib, 300-dək şəxs zərərçəkmiş qismində tanınıb. Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi