Əhmədinejad həbs olunan müşavirindən danışdı

ehmedinejad-hebs-olunan-musavirinden-danisdi
Oxunma sayı: 635

“Media forum” saytının məlumatına görə, Əhmədinejad deyib ki, müşavirinin tutulub həbsə salınmasından təəssüf hissi keçirir: “Bu xəbəri eşidən kimi çox təəssüfləndim. Mən bu məsələni hökmən araşdıracağam. Bu haqda nə demək olar axı? Məni təəssüfləndirib narahat edən odur ki, onu dini rəhbəri təhqir ittihamı ilə tutub həbsə salıblar. Halbuki heç bir vətəndaş ona qarşı irəli sürülən bu ittihamı qəbul etməz”.

İran prezidentinin mətbuat üzrə müşaviri, “İrna” xəbər agentliyinin icraçı direktoru və “İran” qəzetinin rəhbəri Cavanfikr sentyabrın 26-sı axşam saatlarında həbs edilib. Cavanfikrin həbsə salınması İran prezidentinin BMT Baş Assambleyasının sessiyasında etdiyi çıxışla eyni vaxta düşüb. İranın hökumət saytları bildirir ki, Cavanfikr bundan əvvəl barəsində çıxarılmış 6 aylıq həbsi çəkmək üçün tutulub.

2011-ci ilin noyabrın 20-də Tehran məhkəməsi Cavanfikri 1 il müddətinə azadlıqdan məhrum edib. Həmin hökm sonradan 6 aya endirilib. Cavanfikrin eyni zamanda media sahəsindəki fəaliyyətinə 3 il qadağa qoyulub. Tehran məhkəməsinin bu qərarı Cavanfikrin islahatçı “Etimad” qəzetinə verdiyi müsahibəsindən bir gün sonraya təsadüf edib. Cavanfikr həmin qəzetə müsahibəsində Əhmədinejadın hakimiyyət daxilindəki müxaliflərini və onların siyasətini kəskin tənqid etmişdi.

2012-ci ilin yanvar ayının ortalarında Cavanfikr İranın dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu işin detalları məxfi saxlanıb.

Bu hökmlərə baxmayaraq Cavanfikr azadlıqda idi. İran prezidenti onun həbs olunmasına imkan vermirdi.