Əhmədinejada sərt xəbərdarlıq

ehmedinejada-sert-xeberdarliq-
Oxunma sayı: 651

İran parlamentinin deputatı Əli Mütəhhəri eks-prezident Haşimi Rəfsəncaninin yenidən siyasi səhnəyə qayıtmasını dəstəkləyən və ölkədə siyasi böhranın dərinləşməsiylə bağlı bəyanat səsləndirib. Mütəhhəri jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, hakimiyyətdəki bəzi cərəyanlar inqilabçıları siyasi səhnədən çıxardaraq ölkəni zorakı istibdada doğru sürükləyiblər.
Onun sözlərinə görə, məhz hakimiyyətdəki bəzi cərəyanlar ayətullah Rəfsəncanini Iranın siyasi səhnəsindən tamamilə kənara qoymaq istəyir. Həmin cərəyanın təmsilçiləri bu niyyətlərinə çatmaq üçün hər bir təşəbbüsə əl atmağa hazırdırlar: “Hesab edirəm ki, onlar nə qədər çalışsalar da, cənab Rəfsəncanini biryolluq hakimiyyətdən kənara qoymaq gücündə deyillər. Rəfsəncani xalq içində güclü ictimai bazası olan bir şəxsdir. Ona qarşı aparılan bu psixoloji hücum və təbliğatın hamısı qorxuya görədir. Onlar Rəfsəncanidən qorxurlar”.

Əli Mütəhərri Rəfsəncaniyə qarşı hücumun ölkənin hazırkı prezidenti Mahmud Əhmədinejaddan qaynaqlandığını da bildirib: “Onların bu qorxusu bəlkə də ona görədir ki, Əhmədinejadı tanıyıb təhlükə hiss edən və onun ölkəyə rəhbərliyini təhlükəli sayan ilk şəxs ayətullah Rəfsəncani olub. Güman edirəm ki, Haşimi Rəfsəncani əvvəllər olduğu kimi, ölkənin siyasi səhnəsinə qayıtmayınca və onun Tehranın cümə namazına rəhbərliyi bərpa olunmayınca ölkəyə hakim indiki böhran həllini tapmayacaq”.

azadliq.info