Ehtiyacı olmayan da burnuna barmaq eləyir...

ehtiyaci-olmayan-da-burnuna-barmaq-eleyir
Oxunma sayı: 2510

Nərmin Dadaşova

İsti yay günləri davam edir. Gündəm qarışıq, mövzu boldur. Qocalar kimi, sözün birini qoyub o birinə keçsəm yazı boyu, üzrlü sayın. İnformasiya bolluğunun ayağına yazın günahımı. ATV-nin aparıcısı ANS-ə keçib, Zülfiyyə Xanbabayeva yeni fotosessiya eləyib, iftarda kütləvi zəhərlənmə olub, yanlışlıqla sağ ayağı kəsilən qadının sol ayağı da kəsilib, klinikanın müdiri işdən çıxarılıb, səhiyyəmiz də yenə öz ab-havasındadır, 3 yaşlı uşaq burun -boğaz əməliyyatı zamanı həyatını itirib və s.

Bu qədər varın içində sizinlə başqa mövzu haqqında danışacağam bu dəfə. Deməli, hamımızın evinə, iş yerinə, istirahət məkanına çevrilmiş “facebook” sosial şəbəkəsində yalnız qadınların üzv olduğu qruplar mövcuddur.

“Qadınlar aləmi”, “Analar və körpələri”, “Anayam mən”, “Anayıq biz”, “Siz anasınız” və s. adlı qruplarda gün ərzində aktiv olan userlər çoxşaxəli müzakirələr keçirirlər, bütün sosial, ictimai-siyasi mövzularda diskussiyalar aparır, dövlət əhəmiyyətli, hələ heç kəsə məlum olmayan sirləri belə bir-biri ilə bölüşürlər. Vaxtaşırı da uşaq baxımı, yemək reseptləri, həkim məsləhətləri və s. gündəmdə olur. Marağımın qulu olduğum üçün bu səhifələrin hamısının üzvüyəm, təbii ki. Çox qəribə haldır ki, son bir ayda bu kimi qrupların müzakirə mövzusu eynidir. Paylaşımlardan anladığım qədəri ilə, qrup üzvlərinin yarıdan çoxu son bir neçə həftə ərzində burun əməliyyatı keçirib. Elə bil bəhsəbəhs düşüblər, ehtiyacı olan da, olmayan da burnuna barmaq eləyir. Qadın olmaq çətindir, bilirəm. Saat altıda yuxudan durub yenə də işə gecikən biri kimi, bütün qadınları səmimi qəlbdən anlayıram. Boyumuzu uzun göstərməli, yayın cırhacırında isti fenlə saçlarımızı səliqəyə salmalı, kosmetikanın zərərlərindən üzümüzü qorumaq üçün vaxaşırı qatıqla balı qarışdırıb üzümüzə çəkməli daha nələr, nələr etməliyik . Ancaq gözəllik uğrunda bunca cəfa, lazımdırmı? Məncə yox. Plastik əməliyyatlardan sağ çıxmayanlar, uğursuz əməliyyatlar sonrası daha eybəcər formaya düşənlər niyə bizə dərs olmur axı? 

İki –üç gün bundan əvvəl arıqlamaq üçün atdığı kimyəvi dərmanların təsirindən ölən müəllimə haqqında oxudum xəbər saytlarının birində. Adam lap dəhşətə gəlir, cəmiyyətin ziyalı təbəqəsinə aid etdiyimiz birinin arıqlamaq üçün sağlam qidalanmağı yox, kimyəvi tərkibli dərmanı seçməsinə.

Və bir də, bu nə “palaza bürün, ellə sürün” psixologiyasıdır, anlamıram. Şəhərdə qarşımıza çıxan 5 qadından üçünün dodağı eyni boyda, qaşları eyni formadadır. Bu kütləvilik içində, bu yeknəsəklik, eynilik içində necə darıxmadan yaşamaq olar?

Boynumuza alsaq da, almasaq da, bu gözəllik canfəşanlıqlarını əks cins üçün edirik əksər hallarda. Həyat yoldaşımız üçün, sevgilimiz üçün ən mükəmməli olduğumuzu sübut etmək uğrundadır bu qədər hay- həşirimiz. Amma statistikaya görə qadınların 24 faizinin dünyaya kişi kimi gəlmək istəməsi həqiqəti də var... Bu istəyə görə isə onları qınamayacağam, başqa bir həqiqət səbəbindən. Ol həqiqət ki, mütəmadi dodaq boyası istifadə edən qadın, ömrü boyu iki kiloqram dodaq boyası yemiş olur. Yemək yeyə-yeyə ağzı ilə bərabər beynini də işlədir, yediklərinin kalorisini hesablayır.

Gözəl olmaq haqqınızdı, haqqımızdı daha doğrusu. Olaq! Amma elə edək ki, bu gözəllik bizə həyatımız bahasına başa gəlməsin!