Ehtiyatda oturmaq Torresə “qızıl buts” qazandırdı

ehtiyatda-oturmaq-torrese-qizil-buts-qazandirdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi məlumata görə, turnirdə 6 futbolçu 3 qol vurduğu üçün bombardir əlavə göstəricilərə görə müəyyənləşib.
Belə ki, UEFA-nın reqlamentinə görə, eyni sayda qol vuran futbolçular əvvəlcə məhsuldar ötürmələrin sayına görə, bu göstəricidə də bərabərlik olarsa, meydanda keçirdiyi dəqiqələrin sayına görə müqayisə olunur.

Avro 2012-də 3 qol vuran Mario Qomez (Almaniya), Fernando Torres (İspaniya), Alan Dzaqoyev (Rusiya), Kriştiano Ronaldo (Portuqaliya), Mario Balotelli (İtaliya) və Mario Mandzukiçdən (Xorvatiya) yalnız Qomez və Torres məhsuldar ötürmə verib. Forvardlar hərəyə 1 dəfə qol ötürməsi verdiyindən turnir ərzində cəmi 189 dəqiqə meydanda olan Fernando Torres çempionatın ən məhsuldar oyunçusu adını qazanıb. Mario Qomez isə 282 dəqiqə meydanda olub.

Beləliklə, İspaniya millisinin hücumçusu Fernando Torres “qızıl buts” mükafatına yiyələnib. “El nino” ləqəbli futbolçu İspaniya yığmasının çempionatda keçirdiyi 6 oyundan 5-də meydana çıxıb. 28 yaşlı forvard bu oyunlardan yalnız 2-də əsas heyətdə olub. 3 oyunda isə o, meydana sonradan daxil olub.

İspaniya – İtaliya 1:1 - Torres 16 dəqiqə meydanda olub.
İspaniya – İrlandiya 4:0 - 74 dəqiqə
İspaniya – Xorvatiya 1:0 - 61 dəqiqə
İspaniya – Fransa 2:0 - 23 dəqiqə
İspaniya – Portuqaliya 0:0 (4:2 p.) - meydana çıxmayıb
İspaniya – İtaliya 4:0 – 15 dəqiqə

Ceyhun Əhmədov