Əkrəm Əylislinin “Daş yuxular” əsərinə cavabım

ekrem-eylislinin-das-yuxular-eserine-cavabim
Oxunma sayı: 656

Ona, ailəsinə qarşı hər hansı təqibi yolverilməz və dövlətçiliyə, millətimizə qarşı yönəlik addım hesab edirəm. Əminəm ki, Azərbaycanı istəməyənlər Əkrəm Əylisliyə yönələn hər bir addımdan bolluca yararlanacaqlar. Bəlkə də bu bir çoxlarının ürəyindəndir. Heç olmasa bir dəfə, ola bilsin bilərəkdən əleyhimizə atılmış bu addıma, belə bir həssas, mürəkkəb dünyamızda ağılla, düşünülmüş şəkildə cavab verməyimiz çox vacibdir.

Əsərin təhlilinə keçməzdən əvvəl bəzi fikirlərə aydınlıq gətirmək istəyirəm. Əkrəm Əylisli və onu müdafiə edənlər əsərdəki bəzi halları izah edə bilməyəndə bir ağızdan deyirlər ki, oradakı fikirlər obrazlara məxsusdur və bizə dəxli yoxdur. Heç cür anlamıram! Bu günə qədər az oxumamışam və bildiyim odur ki, əsərdəki mənfi ya müsbət obrazları müəllif yaradır və onlar müəllifin sevdiyi, sevmədiyi, yaxud arzuladığı, arzulamadığı övladlarıdır. Məhz obrazlar vasitəsilə müəllif bəyəndiyi, bəyənmədiyi fikirləri, halları, arzularını oxucularına çatdırır.

Bundan başqa, onlar yenə çətinə düşəndə bu bədii əsərdir, orada tarix, siyasət axtarmayın deyirlər. Yaxşı, siz dediyiniz kimi fikirləşək, bəs onda, əsərdə təsvir olunan hadisələrin bəziləri real həyatda baş verib və həmin məkanları real adlarla sadalayırsınız axı, bunu necə izah edirsiniz?! Əsərin özündəki çoxsaylı faktları demirəm, elə sonundakı qeydlərə diqqət yetirmək kifayətdir ki, bunun heç də deyildiyi kimi olmadığını görəsən. Burada sadalanan əsərlərin adları, müəllifləri, Azərbaycanın və Bakının bəzi rayonlarının yerləşdiyi yerlər dəqiqliklə göstərilir. Həmin qeydlərdəki 33-cü sıraya fikir verən isə bu əsərin real tarixi faktlar əsasında yazılmasına şübhə etməyəcək. Əkrəm Əylisli, az qala mətnini bütünlüklə əsərə köçürdüyü “Zəkəriyyə Akulisskinin gündəliyi”nin 1939-cu ildə Yerevanda Ermənistan SSR-nin Elmlər Akademiyası tərəfindən çap olunduğunu, yəni mənbəni dəqiqliklə qeyd etməyi də unutmur. Əminəm ki, qarşı tərəf də illər keçəndən sonra Əkrəm Əylislinin yazdıqlarını qələmə aldıqda hökmən göstərəcəklər ki, istinad etdiyimiz mənbə 2006-cı ildə Əylisdə, 2007-ci ildə isə Bakıda dünya şöhrətli, əsərləri ingilis, fransız, alman, ispan, rus və digər dillərdə çap olunmuş, Azərbaycanın ən ali orden, medallarını almış, Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Əkrəm Əylisli tərəfindən yazılıb, 2013-cü ildə isə Moskvada dünyanın aparıcı nəşrlərindən olan “Xalqlar Dostu” jurnalında çap olunub.

Əsərin qısa fabulası isə belədir: 1980-ci illərin axırlarında Bakı şəhərinin Parapet bağında kütlə bir nəfəri erməni zənn edib vəhşicəsinə döyür. Bu şəxs Azərbaycanın tanınmış artisti Saday Sadıxlı olur. Saday Sadıxlı huşsuz vəziyyətdə Bakı xəstəxanalarının birinə yerləşdirilir. Bundan sonra Saday Sadıxlının yuxularında gördüyü Əylis kəndində və Bakıda baş verənlər təsvir olunur. Əsərdə çoxlu sayda obrazlar var. Onların hər birini təsvir etmək nə fikrim, nə də vaxtım yoxdur... Ancaq qısa da olsa həmin obrazların mənfi və müsbət keyfiyyətlərini nəzərinizə çatdırım. Əsərdəki obrazlar ümumən azərbaycanlı və erməni millətinin nümayəndələridir. Bütün əsər boyu qəhrəmanların milliyyətləri və mənsub olduğu dinlər qabarıq şəkildə diqqəti cəlb edir. Əsər boyu azərbaycanlıları, türkləri təmsil edən müsəlman obrazlar mədəniyyətsiz, qaniçən, erməni millətini təmsil edənlər, xristianlar isə sülhpərvər, mədəni kimi təqdim olunurlar. Ermənistandan olan qaçqınlar isə “yeraz” adlandırılır və onlara olan nifrət gözə girir.

Əkrəm Əylisli söhbətimizdə mənim “Əkrəm müəllim o yazıda azərbaycanlı, müsəlman olan müsbət obraz varmı?” sualıma dərhal cavab verdi: ”Bəli, Saday, o biri artist, həkim, professor”. Çalışıb hər bir qəhrəmana bir oxucu gözü ilə baxdım. Əvvəlcədən bildirmək istəyirəm ki, mən ədəbiyyatçı deyiləm, əsərdəki obrazları istədiyim kimi təsvir etməyə vaxtım yoxdur və mənim fikrim heç də Quran ayəsi deyil, mən də səhv edə bilərəm. Ancaq mənim səhvlərimi bir çoxları kimi söyməklə deyil, arqumentlərlə cavablandırılmasını istəyirəm.

Əsərin qəhrəmanı Saday Sadıxlı ilk dəqiqələrdən həqiqətən savadlı, prinsipial, insanpərvər şəxs təsiri bağışlayır. Ancaq əsəri oxuduqca onun azərbaycanlılara, müsəlmanlara olan nifrətini görməmək mümkün deyil. Onda olan bütün müsbət cəhətlər yaşadığı ölkədəki dinə və insanlara nifrət, erməni millətindən olanlara, xristianlara məhəbbətlə məhdudlaşır. Nifrət o qədər böyükdür ki, o Eçmiədzində xristanlığı qəbul etmək üçün hər gün vağzala gedir və həsrətlə Bakı-Yerevan qatarını gözləyir. Axı insanpərvər şəxsin o kütləyə də yazığı gəlməlidir. Hakim, prokuror, vəkil işlədiyim dövrlər ən qatı cinayətkara da yazığım gəlib ki, niyə o bu yola düşübdür. Mən yaxşı olduğumu qeyd etmək istəmirəm, insanlıq bunu tələb edir. Axı nifrət nifrət doğurar. Onun bir hərəkətində, dolaşıq fikirlərində belə nə üçün o insanların bu addımı atdığı sualı görünmür. Axı o dövr kütlə psixologiyasının hakim olduğu vaxtlarda minlərlə ermənini Bakıda yerləşən bu hadisələri təşkil edən SSRİ KQB-si, milisi, ordusu deyil məhz öz həyatları bahasına azərbaycanlılar xilas etmişdi. Bunu müəllif bilməmiş deyil.

Müəllifin digər müsbət obrazı, azərbaycanlı qəhrəmanı Nuvariş Qarabağlı ilk dəqiqələrdən yazıq, prinsipsiz, "şut" təsiri bağışlayır. Üç dəfə evli olub, sonda isə tək-tənha yaşayıb. İlk evliliyini heç bir nişan, toy olmadan, sadəcə sevdiyi qızı taksiyə oturdub və heç bir cehizsiz ata evinə gətirib. Ay yarım yaşadıqdan sonra cehiz gətirmədiyi səbəbdən, qaynanası ilə olan davaya görə çıxıb gedib. Bu obrazın vasitəsi ilə müəllif bir nəfər savadsız, qarnı yekə, pəzəvəng Baksovet işçisi tərəfindən yaşlı teatr işçisi Qretı Sarkisovna Minasovanın evinin zorla əlindən alınması, sonra həmin mənzildə fahişəxana açmasını xüsusi canfəşanlıq və təsvirlərlə diqqətə çatdırır. Sonra isə istintaqçı kimi həmin o Baksovet işçisi Şahqacar Ərmağanov həmin yaşlı erməni qadının balkondan atılmasını və onun adından ölümündən əvvəl “Mən ermənilərin törətdiyi cinayətlərə görə özümə nifrət edirəm. Mən öz xalqıma nifrət edirəm və həyatda yaşamaq istəmirəm. Qarabağ Azərbaycana məxsusdur. Yaşasın Azərbaycan” məzmunlu yazını təşkil edir. Nuvarişin fikri ilə müəllif "yeraz" adlandırdığı Qərbi azərbaycanlılara “vəhşi”, “hissiz” deməklə nifrətini də gizlətmir.

Həkim Fərzani də diqqəti cəlb edən, müəllifin dediyi kimi müsbət azərbaycanlı obrazıdır. Bəli o gözəl həkimdir. Ancaq ölüm ayağında olan xəstənin iztirablarını görə-görə ona kömək etməyə tələsmir, Nuvarişin təsvir etdiyi vəhşiliyə diqqətlə qulaq asır və bu faciəli məqamda gülümsəməyi də unutmur. Evləndiyi rus həyat yoldaşı ilə keçirdiyi xoş günlər, oğluna sünnət etmək istədiyinə görə mübahisədən sonra Vətənə qayıtmağı yadına düşür. Bakıda, azərbaycanlıların arasında yaşadığı 3 ildə Vətənə qayıtmaqla hansı bağışlanmaz səhvləri buraxdığını anlayır, peşmançılıq çəkir, erməni millətinin böyüklüyünü dərk edir.

Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Özüm 15 il Rusiyada yaşamışam. Fəhlə, tələbə, hakim, məhkəmə sədri olduğum vaxtlar heç bir kollektivdə, qonşuluqda rus millətindən özümə qarşı heç bir pislik görməmişəm. Bu gün də həyatda özümə ən doğma saydığım iki dostum var. Hər ikisi ilə Krasnodar kompressor zavodunda fəhlə işləyərkən tanış olmuşam, birlikdə hazırlıq kurslarında, hüquq fakultəsində oxumuşam, dostluğumuz indi də davam edir. Bu günə qədər də şübhəm yoxdur ki, necə ki, 1994-cü ildə Prezident aparatından işdən qovulduqdan sonra mənə dayaq oldular, bu gün də hər hansı problemim olsa, yenə mənə dayaq olarlar. Ola bilsin mən də rus xanımını ilə evlənə bilərdim və bu qəbahət də deyil. Evlilik məsələsi zənnimcə tək istəklə olmur. Evlilik səmalarda bağlanır. Ancaq Bakıda olduğum müddətdə qeyri-azərbaycanlılara evlənənlərin bəzilərinin bizlərə sanki yuxarıdan aşağı baxmasını hiss etmişəm. Zənnimcə, belələrinin bir çoxları millətinə də yuxarıdan aşağı baxır.

Müəllifin dili ilə adlandırsaq doktor Abasəliyev obrazı xüsusi koloriti ilə ilk dəqiqələrdən diqqəti cəlb edir. Obrazı izlədikcə belə təsəvvür yaranır ki, o həkimlikdən artıq erməni tarixini araşdıran bir mütəxəssisdir. Bu obraz haqqında çoxlu yazmaq olar. Ancaq əsərin sonunda olan bir məqam zənnimcə onu daha əhatəli təsvir edir. 10 gün ölüm ayağında olan kürəkənini görməyə gələn professor xəstəxanaya gəlir, ölüm ayağında olan kürəkənini öpür, uzun araşdırmalardan sonra tapdığı 300 illik tarixi olan “Zəkəriyyə Akulisskinin gündəliyi” onu necə valeh edirsə o, heç yeganə qızının sevdiyi həyat yoldaşının, həm də ona çox yaxın olan həmfikirinin ölüm ayağında olmasına fikir vermədən, Zəkəriyyənin erməni xalqının böyüklüyünü, Naxçıvan torpaqlarının, o cümlədən Əylisli kəndinin ermənilərə məxsus olduğunu onun araşdırmalarına görə sübuta yetirən gündəliyini oxumaqla hamının diqqətin cəlb etmək istəyir. Psixiatrın söhbətinə müdaxilə etmək istəyən tibb bacısı Münəvvər xanımın “Doktor, axı hər yerdə yazırlar ki, o kilsələr ermənilərin yox albanlarındır. Deyirlər ki, sonralardan ermənilər onları özününküləşdiriblər. Bəlkə sizin dediyiniz Zəkəriyyə heç erməni deyil, albandır?" sualını heç başını qaldırmadan ağzında qoyur. Doktor oxumağını davam etdirir. Doktor Farzaninin sualına isə heç cavab vermir, dərhal çıxarıb başqa vərəqi oxuyur. Doktorun qızı Azadə xanım xəstənin dərman qəbul etmək vaxtına az qaldığından, atasına xəstənin sakit buraxılmasını işarə etdikdə yenə doktor qızının narahatçılığına fikir vermədən yeni vərəq çıxarır. Oxumağa davam edərkən kilsə sözünü ifadə etdikdə 10 gün huşsuz olan Saday Sadıxlı gözlərini açır və bu günlər ərzində səssiz, hərəkətsiz olan şəxs bircə söz dilinə gətirir “Eçmiədzin”! Atasının hərəkətindən dəhşətə gələn qızı göz yaşları ilə deyir: ”Ata, ata axı o danışa bilmir. Sən isə danışırsan, susmadan danışırsan”. Bu məqam Abasəliyev qəflətən ayılır və soruşur:"axı o danışırdı”. Doktor Fərzani bildirir ki, "sən bizim ağzımızı açmağa belə qoymadın. 300 il bundan əvvəl olan Əylisə getmişdin, heç bizi görmürdün” Abasəliyev dərhal davam edir: “300 il bundan əvvəl ermənilər bütün dünyadan yaxşı hər şeyi gətirib Əylisi cənnətə döndərdilər. XIX əsrdə türklər Əylisi xarabaya çevirib getdikdən sonra bu günə qədər orada olan müsəlmanlar erməni evlərinin uçurumlarının altında qızıl axtarırlar”.

Əkrəm Əylislinin xüsusi zövqlə canlandırdığı Abasəliyevin, guya azərbaycanlıların müsbət obrazı kimi qələmə aldığı şəxsin erməni millətinə olan sevgisi, türklərə, azərbaycanlılara, müsəlmanlara, islam dininə, qadınlarına olan nifrəti, ölüm ayağında olan sevimli həmfikrindən, kürəkənindən qat-qat üstündür. Ölüm ayağında olan xəstəyə kömək etmək əvəzinə bu məqamda da erməni təbliğatı ilə məşğuldur.

Ardı var...

Yazının giriş hissəsini buradan oxuyun