Eks-prezidentlərin məsələsi parlamentdə

eks-prezidentlerin-meselesi-parlamentde
Oxunma sayı: 635

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə günü keçirilən iclasında "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı millət vəkili Fəzail Ağamalı qanun layihəsinin sabiq prezident Ayaz Mütəllibova şamil edilməsinin əleyhinə çıxıb.

Millət vəkili Çingiz Qənizadə isə eks-prezidentlər arasında belə bir ayrı-seçkiliyin qoyulmamasını və layihənin humanist olduğunu vurğulayıb. Müzakirələr zamanı komitə üzvləri təkliflərlə çıxış edib.

Qanun layihəsi parlamentin müzakirəsinə tövsiyə edilib və qərara alınıb ki, layihə parlamentdə müzakirəyə çıxarılana qədər işçi qrupu və təklif verən millət vəkillərinin iştirakı ilə yenidən müzakirə olunsun.

"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu layihəsində qanunun hər üç sabiq prezidentə və ailə üzvlərinə şamil olunması nəzərdə tutulub.

Layihəyə görə, qanun Konstitusiyaya uyğun olaraq prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.

Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılanlara şamil olunmayacaq.

Keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.

Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək.

Eks-prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.

Layihədə qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər.

Tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları eks-prezidentə və ailə üzvlərinə şamil olunacaq.
Layihədə sabiq prezidentin şəxsi arxivinin yaradılması da nəzərdə tutulub.