Əl izimizi nə vaxt götürəcəklər?

el-izimizi-ne-vaxt-goturecekler
Oxunma sayı: 2225

Azər Qismət

Federal Təhqiqatlar Bürosunda çalışan Conu səhər tezdən telefon zəngi yuxudan oyadır. O, gözlərini ovxalayıb zəngə cavab verir. Məlum olur ki, Manhettende cinayət hadisəsi baş verib. Kimsə gecə ikən dinc sakini öldürüb. Con təcili hadisə yerinə gedir. Meyidə baxış keçirilir. Məlum olur ki, hadisə soyğunçuluq məqsədilə törədilib. Amerika filmlərində olduğu kimi Con qəhvə içə-içə hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirir ki, hadisə yerinə heç kimi buraxmasınlar. Sonra idarəyə gəlir. Kriminalistlər götürdükləri əl izlərini ona göndərirlər. O da öz növbəsində məlumat bazasına daxil olaraq neçə milyonluq şəxsin arasında əl izinin sahibini axtarır. Burada çətin heç nə yoxdur, əl izini axtarışa verirsən, o sənin üçün bunu edir. Bu müddət ərzində yenə qəhvə içmək, hətta əməkdaşlarla zarafatlaşmaq da olar. Budur, bir neçə dəqiqənin içində baza axtarışı başa çatdırır. Məlum olur ki, hadisəni heç bir yerdə işləməyən və gecələr körpü altında sığınacaq tapıb üstünə odeyal örtən Cek törədib. Ceki dindirəndə o cinayəti boynuna alır, bununla da işlər yoluna düşür, səfilin məhkəməsi başlanır. Daha burda onu yazmıram ki, Cekin vəkili ortaya çıxır, cinayətkarı müdafiə etmək üçün dəlilləri ortaya qoyur. Vəkilin canfəşanlığının xeyri 30 faiz həcmində ola bilər, çünki ortada əl izi faktı var.

Dünya ölkələri ilə yanaşı Azərbaycan da cinayətkardan xali deyil və burada da özlərini qanundankənar aparanlar var. Nə yaxşı ki, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərin vaxtında açılmasına cəhd göstərirlər. Hər halda Şerlok Holms kimi heç bir texnologiya olmadan hissiyat və instinktlərini işə salmır, nə də bütün müqəddəsləri köməyə çağırmırlar. Çünki bizim hüquq-mühafizə orqanları əməkdaşlarının əlinin altında kifayət qədər texnologiya var. Özü də ildən-ilə təkmilləşən avadanlıqlar da alınır. Amma bəzi hallarda cinayətlərin açılması müşkülə çevrilir. Əməkdaşlar hadisə yerinə gedib əl izlərini götürsələr də, onun kimə məxsus olması müşkül məsələyə çevrilir. Amerikalı Con üçün bu asandır. Orada hüquq-mühafizə orqanlarında işləmək də çətinlik yaratmır. Çünki məlumat bazaları neçə illər bundan əvvəl formalaşdırılıb, sadəcə müstəntiqə qəhvəni yaxşı dəmləmək qalır: südlə, yoxsa şəkərsiz, özü bilər.
Azərbaycan polisləri isə bəzən işin əziyyətini çəkməli olurlar. Hadisə yerinə baxış keçirilir, şahidlər dindirilir, sorğu-sualdan nəticələr çıxarılır, onların üzərində yenə işlənilir, şübhəli şəxslər bölməyə çağırılır. Hadisə yerində tapılan əl izi ilə şübhəlilərin əl izi tutuşdurulur. Uyğun gəlməyəndə iş qalır Allahdan kömək diləməyə. Sonra xalq arasında da söhbət yayılır ki, bəs polislər işi qəsdən açmırlar. Halbuki polis heç vaxt istəməz ki, açılmayan cinayət işi qalsın.

Ona görə də respublika üzrə ümumilikdə əl izlərinin götürülməsi kampaniyasına start verilərsə, bu, cinayət hadisələrinin operativ açılmasına yardımçı olar. Düzdür, biometrik pasportlarda əl izi, qan qrupu, gözün rəngi götürülür, amma axı heç də hamı xaricə istirahətə, ya işgüzar səfərə çıxmır. Respublikanın elə sakinləri var ki, indiyə qədər ölkədən kənara çıxmayıb, heç buna hazırlaşmır da. Belə olan surətdə işlər çətinləşir. Razıyam ki, bütün respublika üzrə əl izlərinin götürülməsi xeyli vəsait tələb edir, amma işlər mərhələli şəkildə görülərsə, yaxın 3 ilə bu işi yekunlaşdırmaq mümkündür.

Yeri gəlmişkən, respublikaya gələn əcnəbilərin də əl izləri götürülsə bəd olmaz. Fərqi yoxdur, 2-3 günlüyə gəlir, yoxsa daimi vətəndaşlığa. Məsələn, artıq Amerika Birləşmiş Ştatlarının Gömrük Komitəsi bu işi həyata keçirməyə başlayıb. Gömrük əməkdaşları ölkəyə daxil olan şəxslərin şəklini də çəkir, əl izini də götürür, gözünün rəngini də məlumat bazasına daxil edir. O əcnəbi vətəndaş respublikaya qarışıqlıq yaratmaq üçün də gələ bilər. Məlumdur ki, bəzən Gürcüstandan gələn bəzi əcnəbilər burada xeyli vətəndaşımızın evini yarıblar. Deməli, onların və digər əcnəbilərin də qarşısını bu yolla almaq mümkündür.

Tarixə gəlincə, əl izlərinin götürülməsi təklifini verən və onun üzərində əmək sərf edən ingilis Uilyam Herşel olub. “Herşelin əməyi kriminalistikaya əbədi töhfədir” desək, səhv etmərik. Əl izləri dəyişmir. Tanrı insanı yaradanda belə məsləhət bilib. Bəzən cinayətkarlar əl izlərinin hadisə yerində qalmaması üçün ovuclarını yandırsalar da, yaxud əlcəkdən istifadə etsələr də, yeni çıxan müasir texnologiya ilə cinayəti kimin törətməsi onsuz da aşkar edilir. Ən azından ipucu tapılır. İpucu isə çox vacib məsələdir.