“Əl-qolunu bağladım ki, yoldaşıma nəsə etməsin”

el-qolunu-bagladim-ki-yoldasima-nese-etmesin
Oxunma sayı: 2483

Bakı Ağır Cinayətlər Məhkəməsində qumar puluna görə dostunu öldürməkdə təqsirləndirilənlər – Eşqin Rəsulov və sevgilisi Ramella Əlmuradovanın məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub. E.Rəsulov danışmaqdan imtina edib: "Özümü təqsirli bilirəm, amma onu bilərəkdən vurmamışam. İfadə vermək istəmirəm, orda necə yazılıbsa, elədir. Qumar oynuyurduq, o var-yox söyüş söydü, mən də vurdum. Amma ölməyini istəməzdim".

Mərhumun yoldaşı Lalə Balayeva deyib ki, ərini çağırıb əl-ayağını bağlayıb öldürüblər: "Ən ağır cəza verilməsini istəyirəm. 3 azyaşlı uşağım var, onlar atalarını istəyirlər. İşləyib pul qazanan da tək yoldaşım idi. Eşqin də arada bizə içməyə gəlirdi, amma sonra mən qoymadım".

Daha sonra E.Rəsulov ifadə verməyə razılaşıb: "Anarla küçədən araq alıb evə gəlib içdik. Sonra cibindən kart çıxartdı, dedi gəl oynayaq. Qumarda mən onun 6 manatını uddum. O da məni söydü, yumruq vurdum yerə yıxıldı. 102-yə zəng etdim, polislər evi tapa bilmirdi, onların qabağına çıxmaq üçün getdim. Anarın əl-qolunu bağladım ki, yoldaşıma nəsə etməsin. Orada zorlama filan söhbətləri olmayıb". 

R.Əlmuradova deyib ki, A.Balayev ona həyasız deyib: "Mübahisə də buna görə başladı, mən ip verdim, Eşqin bağladı".

İttihama görə, Quba rayonu Alpan kəndində yaşayan E.Rəsulov 2017-ci il noyabr ayında dostu Anar Balayevi qeyri-rəsmi olaraq birgə yaşadığı R.Almuradovun evinə çağırıb və orada qumar oynayıb, spirtli içki içiblər. Daha sonra qumar puluna görə dostlar mübahisə, ardınca əlbəyaxa dava ediblər. Eşqin sevgilisi Ramelladan ip verməsini istəyib və sevgilisinin köməkliyi ilə verdiyi iplə dostunun əl-ayağını bağlayıb və döyüb. Sonda isə onu balta ilə vuraraq öldürüb. O, ifadəsində Anarı Ramellanı zorlamaq istədiyi üçün öldürdüyünü deyib. Qətlə yetirilən Anar Balayevin 3 azyaşlı övladı var. Hadisəni törədən Eşqin Rəsulov əvvəllər məhkum olub.

Murad Əhməd