Elariz Hüseyn Dəryanın yasına gəlməməsinin səbəbini- - açıqladı

elariz-huseyn-deryanin-yasina-gelmemesinin-sebebini-
Oxunma sayı: 4876


Son günlərin aktual mövzularından biri mərhum reper Hüseyn Dərya ilə bağlıdır. Ölümündən sonra səngiməyən söz-söhbətlər getdikcə geniş sferada öz əksini tapır. ANS televiziyasında H.Dərya barəsində rejissor Kənan Mahmudovun (M.M.) səsləndirdiyi fikirlərdən sonra yeni müzakirə məsələsi meydana çıxdı. Beləki, o, sənətçilərin bir çoxunun dəfn mərasimində iştirak etməməsini qınayaraq, onunla duet oxumuş kəslərin də mərasimə gəlmədiyini söyləmişdi. Kənan M.M. vaxtı ilə H.Dərya ilə birgə "Sevən ürəyim" adlı mahnını ifa etmiş müğənni Elariz Məmmədoğlunun da adını çəkərək, onun dəfndə iştirak etmədiyini vurğulamışdı. 

“Qafqazinfo”nun  Musavat.com-a istinadən məlumatına görə, sözügedən efir yayımlandıqdan sonra müğənni Elariz də növbəti verilişin qonağı olub. Həmin verilişə gəlməməyinin səbəbini izah edən müğənninin efirdən səsləndirdiyi fikirləri olduğu kimi nəzərinizə çatdırırıq:

"Allah Hüseyn Dəryaya rəhmət eləsin. Biz ilk gündən onunla dost olmuşuq. Bizim duetimiz olub. Mənim haqqımda dedilər ki, mən onun basdırılan günü orada olmamışam. Birincisi xoşum gəlmir bu sözlərdən, mədəniyyətsizlikdir durub deyəsən ki, sən niyə gəlməmisən? İnsandı, vaxtı yoxdur, gəlməyib. Amma ki, səbəbi var gəlməməyimin. Məndə görüntülər var. Bilmirəm verəcəksiniz ya yox?".

Sualı cavablandıran verilişin aparıcısı Elgiz Əkbər bugün ayrı mövzunun müzakirə edildiyini, bu səbəbdən də həmin videoların verilməyəcəyini bildirdi. Daha sonra H.Dəryanın ölümü barədə fikirlərin yekunlaşdırılmasının yaxşı olacağını deyərək, mövzunu qapatmaq istəsə də, E.Məmmədoğlu özünə aid olan hissənin hələ ifadə etmədiyini, iştirak etməməsinin səbəbini açıqlamaq istədiyini dedi:

"Çünki Hüseyn Dərya rəhmətə gedən günü bizim qohumdan da bir nəfər rəhmətə getdi. İndi adını çəkmirəm, Allah rəhmət eləsin. Mən əlbəttə ki, birinci növbədə gedib öz qohumumun yas yerində iştirak etməliyəm. Eyni gündə rəhmətə getdiklərinə görə üçü də eyni gün idi, cümə axşamı da eyni gün idi. Hüseyn Dəryanın məzarını ziyarət eləmişəm. Ən azından gedib  qəbiristanlıqda Yasin oxutdurduğum molladan soruşa bilərlər ki, Elariz gəlib bura, ya yox. Ona görə də demək ki, ay iştirak eləmədi, meyit yerdə qalmışdı, belə söhbətlər lazım deyil". 

Beləliklə də mövzunu yekunlaşdırdıqlarını bildirərək, E.Əkbər H.Dəryanın diri ikən dəfn edilməsinin mümükünsüzlüyünü tamaşaçılara çatdıraraq, digər qonağa söz verdi. 

Veriliş yayımlandıqdan sonra hansı reaksiyalarla qarşılaşdığını öyrənmək üçün E.Məmmədoğlu ilə əlaqə saxladıq. Sualımızı cavablandıran müğənni bunları dedi:

"Verilişdən sonra mənə müxtəlif zənglər gəldi. Bilənlər onsuz da vəziyyəti bilirdi, bilməyənlər də zəng vurub başsağlığı verdi. Bacanağımın qaynı (??? məntiqlə bacanağının qaynı həm də Elarizin qaynı olmalıdır-red.) rəhmətə getmişdi deyə həmin yas mərasiminə getməli olmuşdum. 1-2 nəfər var idi, əvvəl mənə zəng vurub soruşmuşdular ki, səndən nə əcəb yasa getməmisən? Onların heç birinə telefonda cavab verməmişdim. Hamısına demişdim ki, televiziyadan izləyərlər. İndi artıq onlara da səbəb məlumdur. 

Bugün axşam isə sosial şəbəkələrədn olan "facebook" və "youtube"-də Hüseyn Dərya ilə münasibətlərimizi əks etdirən video görüntüləri yerləşdiriləcək. Daha sonra həmin video ilə bağlı nə sualınız olsa cavablandıraram".  

2000-ci illdən etibarən tanınmağa başlamış Hüseyn Dərya həmin ərəfdə öz həmkarları ilə xeyli mübahisələr yaşamışdı. "Keyf elə" mahnısı ilə  qısa zamanda populyarlaşmış reper şou aləmində öz yerini möhkəmləndirmiş Anar Nağılbaz, Elşad Xose və "Dəyirman" qrupunun ona qarşı hücumları ilə üzləşmişdi. 

Xüsusən də, Elşad Xose və Hüseyn Dərya qarşıdurması həmin illərdə cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən idi. Anar Nağılbaz, Elşad Xose və "Dəyirman" qrupunun hədəfində olan Dərya bir müddətdən sonra məğlub olaraq geri çəkilməsi də həmin mübahisələrin məntiqi yekunu olmuşdu. Daha sonra isə onun həyatının ağır dönəmləri başlamış, sənətçi narkotik aludəçisinə çevrilərək, türmədə yatmışdı. 

Maraqlıdır, həyatında heç də müsbət iz buraxmayan həmkarları onun ölümündən sonra yas mərasiminə gediblərmi?

Bunu öyrənmək üçün "Dəyirman" qrupunun üzvlərindən Elmir Məhərrəmovun prodüseri Nicat bəylə əlaqə saxladıq. E.Məhərrəmovun özü ilə əlaqə saxlayan prodüser yalnız bir sualımızı cavablandırdı. Belə ki, mərhumun ölümündən 2 gün sonra Elmir Məhərrəmovun eyni zamanda qrupun digər üzvü Malik Kələntərlinin, reper Elşad Xosenin də Yasamalda verilən yas mərasimində iştirak etdiklərini bildirdi. Başqa sualları cavablandırmaq istəmədiklərini bildirərək, sağollaşdı. 

Nəzərinizə çatdıraq ki, digər suallarımız "Dəyirman" qrupu və H.Dəryanın şəxsi münasibətlərinin son illər hansı sferada olması ilə bağlı idi.