Elçibəyin Kələkidə yubileyi keçirildi - Fotolar

elcibeyin-kelekide-yubileyi-kecirildi
Oxunma sayı: 3204

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olduğu Ordubad rayonu, Kələki kəndində 80 illik yubileyi keçirilib.

"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə, görə yubiley mərasimində ictimaiyyət nümayəndələri, ölkənin müxtəlif yerlərindən gələn qonaqlar, kənd camaatı iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Əbülfəz Elçibəyin ev muzeyini ziyarət ediblər. Sonra dövlət himninin səslənməsi ilə yubiley mərasimi başlayıb. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu tədbirdə iştirak edə bilmədiyinə görə telefon bağlantısı ilə gələnləri təbrik edib. O bildirib ki, bu gün Türk dünyası, kələkililər  o tədbirdə iştirak edənlər üçün böyük gündür: "Namus, bayraq, Vətən bir dəyərdirsə, Elçibəy də bir dəyərdir. Elçibəy dövlətimizi, bayrağımızı, milli kimliyimizi təmsil elədiyinə görə belə bir dəyərə çevrilib. Namus haqqında necə danışırlarsa, Elçibəy haqqında da o cür danışmaq lazımdır. Onun yolu böyük yoldur. Bu gün biz Fəxri Xiyabanda bəyin qəbrini ziyarət edən zaman Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin hazırlıq uçuşları keçirilirdi. Biz də bu uçuşları seyr etdik. Mənə elə gəlir ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin Elçibəy ruhu qarşısında hesabatıdır. Biz daim Elçibəy yolunda irəliləməli, əməllərimizlə bəyin ruhunu sevindirməliyik. Türklük gününüz mübarək olsun".

KXCP üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib ki, 24 iyun Türklük bayramı Tanrının böyük Türk xalqına elçi göndərdiyi gündür: "Biz həmin günü qeyd edirik. Biz hələ Əbülfəz Elçibəyi tam dərk edə bilməmişik. Buna uzun illər lazımdır”.

“Əbülfəz Elçibəy-80”  İctimai Təşkilat Komitəsinin üzvü Çingiz Özgür gələnləri təbrik edərək, onunla bağlı xatirələrini bölüşüb. O, mərhum prezidentin 80 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər barədə məlumat verərək Əbülfəz Elçibəyin əsərlərinin toplandığı “İstiqlal, hürriyyət, bütövlük strategiyası” kitabını təqdim edib. Hər il mərhum prezidentin doğulduğu Kələki kəndində keçirilən tədbirlərin təşkilatçıları Şamil Məmmədov, Bünyad Məmmədov və Ədalət Muradoğluna Zirəddin Quliyevin hazırladığı xüsusi qabartmalar hədiyyə edilib. Eyni zamanda "Elçibəy-80" yazı müsabiqəsində iştirak etmiş Türkiyədən olan qaliblər Semih İpek və Beytulla Avcının mükafatları təqdim edilib. Semih İpek Əbülfəz Elçibəyə həsr etdiyi "Elçibəy" mahnısını dombra musiqi alətində ifa edib. Daha sonra yubiley mərasimi çıxışlar, şeir parçaları və musiqi  nömrələri ilə davam etdirilib.