Eldar Əzizovun “supermetro” planı – - Dövləti ziyana salmayın!

eldar-ezizovun-supermetro-plani-
Oxunma sayı: 1660


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov avtobuslardan ibarət metro proyektinin reallaşmasına hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, icra başçısı öz əcaib proyektini şəhər ərazisində fəaliyyət göstərən 7 saylı marşrutların köməyi ilə reallaşdırmağa çalışır: “Sumqayıtda sayının çoxluğuna, o cümlədən ən uzun hərəkət qrafikinə görə ilk yerdə dayanan marşrut icra başçısının inhisarında olduğu iddia edilən 7 saylı marşrutlar hesab olunur. Bu yaxınlarda isə məlum olub ki, icra başçısı bu marşrutların iştirakı ilə Sumqayıt ərazisində metro formalaşdırmağa çalışır. E.Əzizov iddia edir ki, əslində dövləti milyonlarla manat məbləğində ziyana salaraq Sumqayıtda ənənəvi metro yaratmağa ehtiyac yoxdur. Sadəcə, 7 saylı marşrutların sayını daha da artırmaqla Sumqayıtın metro problemini birdəfəlik həll etmək mümkündür. İcra başçısı hesab edir ki, Sumqayıtın demək olar ki, hər bir mikrorayonundan keçən 7 saylı marşrutların hərəkət tezliyini metroya uyğunlaşdırmaq üçün sadəcə bəzi kiçik dəyişiklik və əlavələr etmək yetərlidir. Habelə, icra başçısı hesab edir ki, “supermetro” layihəsinin reallaşması şəhərdəki bir çox xəttin bağlanması ilə paralel şəkildə həyata keçirilməlidir. E.Əzizovun fikrincə, bu, avtobus-metronun fəaliyyətini iqtisadi baxımdan qənaətbəxş həddə çatdırmaq baxımından gərəklidir. E.Əzizovun sözlərinə görə, əslində “supermetro” layihəsi ənənəvi metrodan xeyli sayda üstünlüyə malikdir ki, bunlardan da biri “metro”nun açıq səma altında fəaliyyətidir. Vətəndaşlar isə hesab edir ki, icra başçısının avtobusdan metro düzəltmək ideyası sadəcə gülüncdür və şəhər ictimaiyyətinin həyatını çətinləşdirməkdən başqa heç nə vəd etmir”.