Elə bilirdim, dostumdu...

ele-bilirdim-dostumdu
Oxunma sayı: 2995

Xuraman Hüseynzadə

“İnsanları itirmək çox asandı, qazanmaq çətindi”-hələ də bu deyimin istisinə isinənlər var. Tüstüsündən kor olana kimi sığınacaqlar bu sözlərə...

Elə ki, gözləri yaşardı, boğulmaq təhlükəsini hiss elədilər, “asta qaçan namərddi” deyib qaçacaqlar. Uzaqlaşacaqlar o istidən, rəngləri göz oxşayan alovdan. Qorxacaqlar yanmaqdan... Keçmək istəməyəcəklər namərd körpüsündən...

Heyvanlara yem verən, yuva quran insan şəkillərinin altına “İnsanlıq ölmədi” yazırlar bəzən. Qətliamlara, müharibə fotolarına isə insanlığın öldüyü, sözün bitdiyi yer deyirlər. Bəs insanlığın can verdiyi məqam hansıdı?

Çexov deyir ki, həyata qarşı ilk küskünlüyümüz yanımızda olduğunu sandığımız insanları qarşımızda görməklə başlayır...

Xatırlamağa çalışaq: dost bildiyimiz, son tikəmizi paylaşdığımız nə qədər adama “Yaxşı ki buna sirr verməmişəm” demişik? “Yaxşı ki ziyanın yarısından qayıtdım” təsəllisi ilə oxundurmuşuq özümüzü... Elədiyimiz yaxşılıqların qarşılığını heç vaxt gözləmədiyimiz, bunu insanlıq vəzifəsi hesab etdiyimiz anda aldığımız zərbələr açıb gözlərimizi.

Dost bildiklərimizin düşmənə çevrilməsi faktı çoxalır. Son vaxtlar nə qədər insandan eşidirəm bu şikayəti...

Neyləmək lazımdı? Axı necə deyərlər, qurunun oduna yaşı da yandırmaq olmur... Mərdləri namərdlərdən, nəcibləri nanəciblərdən necə ayırmalı?

Son vaxtlar şahidi olduğum hadisələr insanlara çox da inanmamağı, bel bağlamamağı, onlarla məsafə saxlamağı tövsiyyə edir. Xeyirxah, nəcib, mərd kişilərin, namuslu qadınların övladları valideynlərindən o xüsusiyyətləri mənimsəyir. Bu cür insanların övladları onlara layiq deyillərsə, günahın çoxunu onların yaşadığı mühitdə-cəmiyyətdə axtarmaq lazımdı. Müəllimləri də çox günahlandırmaq lazım deyil. Necə deyərlər, qan xarabdırsa müəllim də aciz qalacaq.

Yaşlı nəsil çox vaxt söhbətə belə başlayır: “Dünyanın düz vaxtlarıydı...” Onların dediyi həmin “düz vaxtların” da nə qədər kəm-kəsiri olub. Sadəcə indiki çatışmazlıqların yanında bu qüsurlar o qədər az görünür ki, onlar öz dövrlərinə qeyri-ixtiyari bu cür haqq qazandırmalı olurlar.

Bundan betər nələr olmalıdı ki, biz də zamanı gələndə öz dövrümüzə “dünyanın düz vaxtları” deyə bilək?

Təki olmasın.

Təki deməyək.

Bu gedişlə heç deyə də bilməyəcəyik...