“Elə məktəb var ki, 2 ballıq zəlzələyə belə dözməz”

ele-mekteb-var-ki-2-balliq-zelzeleye-bele-dozmez
Oxunma sayı: 821

“Səhiyyə  sahəsinə ayrılan büdcə 1 milyardlıq psixoloji baryeri keçib ki, bu da 27 illik müstəqillikdə ən yüksək göstəricidir. İlk dəfədir ki, bu, büdcədə sosial xərclər arasında çəkisi 4, 2 faiz təşkil edəcək.  Bu da səhiyyəmizin inkişafına real töhfəsini verəcək”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentdə bu gün davam etdirilən büdcə müzakirələrində deyib. 

Deputat vurğulayıb ki, həmçinin, Səhiyyə Nazirliyində maliyyə siyasətinin effektiv qurulması üçün bir sıra qurumlar arasında əlaqə çox vacibdir: “Dünyanın inkişaf etmiş ölkələrində səhiyyə ayrılan büdcə təhsilə ayrılan büdcədən ən azı 20-25 faiz çox olur. Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmə və texnologiyadır”.

Deputat Jalə Əliyeva da çıxışında ailə-məişət  zorakılığına məruz qalmış və evlərindən didərgin salınmış qadınlarla bağlı problemə toxunub və onlarla əlaqədar dövlət səviyyəsində sığınacaqların təşkil olunmasını təklif edib. O qeyd edib ki, bu məsələ çox ciddidir və hər kəsi narahat edir: “Bununla bağlı sığınacaqların açılması problemin həllinə qismən də olsa köməklik göstərər”.

Digər deputat Sona Əliyeva isə çıxışında xüsusilə kəndlərdə ciddi problemlərin olduğunu və ilk növbədə isə, su çatışmazlığının yaşandığını vurğulayıb. O, eyni zamanda təmsil olunduğu dairədə orta məktəb tikintisinə ciddi ehtiyac olduğunu vurğulayıb: “ Elə kənd məktəbi var ki, 2 ballıq zəlzələyə belə davam gətirə bilməz. Modul məktəblər tikilir. Ona görə belə məktəblərin o kəndlərdə də tikilməsinə ehtiyac var. Elə məktəblər də var ki, orada sıxlıq yaşanır. Məsələn, Şiştəpə kənd orta məktəbi  bu sıraya daxildir. Odur ki,  əlavə məktəb binasının tikilməsi yaxşı olardı”.

 Günel Türksoy