“Elə qeyrətlisənsə, bəs qızın üzünü niyə açıq göstərirsən?”

ele-qeyretlisense-bes-qizin-uzunu-niye-aciq-gosterirsen
Oxunma sayı: 6737

“Neyləyək indi? Qadınlara deyək ki, əks cinsin nümayəndələri ilə görüşməsin, yeyib-içmək məclislərinə getməsin, yoxsa onları çəkib şantaj edəcəklər, yataq səhnələrini ictimailəşdirəcəklər? Biz ilk olaraq bir fərd kimi bilməliyik ki, kiminsə şəxsi həyatına müdaxilə yolverilməzdir”.

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə son zamanlar sosial şəbəkələrdə və bəzi KİV orqanlarında şəxsi videoların qanunsuz olaraq yayımlanmasına münasibətində deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsiyyətin toxunulmazlığı nəzərə alınmadıqda qadınlarımız hər hansı bir görüntülərə görə ölüm təhlükəsi ilə qarşılaşır:

“Bir müddət əvvəl qızların məclisdə çılpaq videosu yayılmışdı. Ola bilər ki, həmin görüntülərdə əxlaqi baxımdan hər hansı problemlər olsun. Ancaq heç bir halda kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz. Onun icazəsi olmadan belə videoların ictimailəşdiriməsi cinayətdir. Digər bir cinayət tərəfi isə, həmin insanların bilərəkdən və ya bilməyərəkdən atdığı addımlar, davranış pozuntusu, əxlaqi cəhətdən etdikləri sabah onun nəsil dediyimiz qohum-əqrəbasının da arasında müzakirə olunan zaman yaranır. Ailə fərdlərindən elələri olur ki, vəziyyətdən çıxış yolunu həmin şəxsin ölümündə görür. Görün düşünülməmiş bir addımın arxasında nə qədər təhlükələr var və nə qədər insan zərər çəkə bilər.

Bu yaxınlarda cənub rayonlarının birində qadının intim münasibətindən guya hiddətə gəlmiş insanlar onu döymüşdü. Yaxşı, sən elə qeyrətlisən, bəs qızın üzünü niyə açıq göstərirsən, adını deyirsən? Cümlə, vergülü ilə onların restoranda nə etdiyini dilinə gətirirsənsə, deməli, sən özün virtual manyakın yekəsisən.

Maarifləndirmə axı hansı tərəfdən başlansın? İnsan əvvəlcə özü düşünməlidir ki, atacağı addım nələrə səbəb ola bilər. Görüntüləri paylaşan şəxslər isə dərhal hüquq mühafizə orqanına təhvil verilməlidir. Ancaq artıq o zaman da iş işdən keçmiş olacaq”.

Hüquqşünas Bəxtiyar Hacıyev məsələyə hüquqi qiymət verərək bildirib ki, bu kimi görüntülərin icazəsiz yayımlanması mülki hüquq pozuntusudur və vətəndaş məhkəməyə müraciət edib cavabdeh şəxslərdən maddi təzminat tələb etmək hüququna malikdir:

 Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, şəxsin sadəcə onun razılığı ilə onun haqqındakı məlumatların toplanmasına, yayılmasına və ya istifadə olunmasına icazə verilir.

Cinayət təqibini həyata keçirən orqan şəxsi həyat sirrinin qorunub saxlanılmasına məsluliyyət daşıyır. Bununla bağlı Avropa Konvensiyasının 8-ci maddəsində qeyd olunub ki, hər kəsin şəxsi həyatına hörmət edilməli və məlumatlar qorunmalıdır. Konvensiyada tətbiq olunmuş hüquq konvensiyanı qəbul etmiş bütün dövlətlərin vətəndaşlarını əhatə edir. 

KİV haqqında qanunda da qeyd olunur ki, şəxsi məlumatların alınması müstəsna hallarda cinayət təqibini həyata keçirən orqanın vəsatəti əsasında, məhkəmənin qərarı əsasında alına bilər. Yazışma və çəkilişlərin sadəcə bu halda yayılmasına icazə verilir”. 

Hüquqşünasın sözlərinə görə, bugünkü gündə ədalət məhkəməsinin həyata keçirilməsində yaranan problemlər, sözügedən məsələnin hüquqi baxımdan həllini də sual altında qoyur:

“Köhnə MDB dövlətlərinin bəzilərində belə bir tendensiya formalaşıb ki, ədalət məhkəməsi vətəndaşların hüquqlarını tam müdafiə edə bilmir. Bu da hüquq mühafizə orqanlarının təsir və təzyiqidir. Dövlətin atributu olan məhkəmə hakimiyyətinin təsir vasitəsinin az olmasından asılıdır. Bugünkü gündə məhkəmələrdə şəffaflıq, cinayət tərkibini həyata keçirən orqanlarda adekvatlıq öz əksini tapsa, heç bir problem qalmayacaq. 

Təəssüf ki, sadaladığım səbəblərdən hazırda hər hansı şəxsi məlumatların yayılması ilə bağlı vətəndaş məhkəməyə müraciət edən zaman, bunun hər zaman tam şəffaf həll olunduğunu deyə bilmirik”.

Günel Hacı