Elədirsə, ABŞ nə üçün bin Ladeni məhv etdi?

eledirse-abs-ne-ucun-bin-ladeni-mehv-etdi
Oxunma sayı: 644

Bu fikirlər Freedom House təşkilatının bu günlərdə yayımlanan “Dünyada azadlıq” hesabatının Ermənistana aid hissəsinin girişindəndir. Biz deyilən fikirləri hələlik oxucuların ixtiyarına buraxmaq istərdik. Yalnız bir məsələyə diqqət çəkməklə: belə tərəfli bir girişi olan hesabat nə qədər obyektiv ola bilər? Hər kəs düşünsün barı...

Biz anlayırıq və görürük ki, Azərbaycanda insan hüquq və azadlıqları, misal üçün, ABŞ-da, inkişaf etmiş Avropa ölkələrində olduğu səviyyədə deyil. Bunun səbəblərini də bilirik və həmin səbəblərlə mübarizə aparırıq. Ancaq biz onu da anlayırıq və görürük ki, bəzən bir sıra qurumlar obyektiv səbəbləri nəzərə almır və ya ala bilmir.

Biz beynəlxalq qurumların, özəlliklə də insan haqları qurumlarının ölkəmizə diqqətini təqdir edirik. Yalnız bir tələbimiz də var: bu diqqət obyektiv, əsaslı və qərəzsiz olmalıdır. Təəssüflər olsun ki, hər zaman belə deyil.

Freedom House-a dəxli olmasa da, təxminən bir ay öncə Beynəlxalq Pen Klubun Azərbaycanda həbsdə olan jurnalistlərlə bağlı siyahısı yayımlanmışdı. Nə qədər təəccüblü olsa da həmin siyahıda “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin də adı vardı. Və iddia edilirdi ki, o da “jurnalist fəaliyyətinə görə” həbs edilib. İndi Azərbaycanda bəzi adamları çıxmaq şərti ilə media, insan haqları, QHT fəallarından soruşun görək bu Nazimi kim ümumiyyətlə jurnalist kimi qəbul edir? Bəzi insan haqları dəllallarından başqa heç kim əlbəttə!

Sözümüzün canı var. Freedom House-ın Azərbaycanla bağlı dəyərləndirməsində də, heç şübhəsiz, bu cür əsassız məlumatların yayılması öz sözünü demişdir. Misal üçün, hesabatdan oxuyuruq: “Qəzetlərin təxminən 80 faizinin sahibliyi hakimiyyətə aiddir. Müstəqil və müxalif qəzetlər maliyyə çətinlikləri ilə üzləşir və yüksək cərimələrə məruz qalırlar”. Əgər nəzərə alsaq ki, tam obyektiv yanaşma tələb edilir, onda sual olunur, qəzetlərin 80 faizinin hakimiyyətə aid olmasını hansı faktla sübut edirsiniz? Maliyyə çətinlikləri ilə bağlı deyilənlə razılaşmaq olardı. Ancaq niyə bunun yanında həm də dövlətin müxalif və müstəqil qəzetlərə ayırdığı birbaşa maliyyə yardımından söz edilmir?

Hesabatdan daha bir misal: “Hökumət müxalif fikirlər yayan bəzi İnternet saytlarını təkrar-təkrar bloklayıb”. Maraqlıdır, necə olur ki, sırf bu sahəylə məşğul olan birisi kimi şəxsən mənim bundan xəbərim olmur? Yaxud da Azərbaycan daxilində bu haqda hər hansı əsaslandırılmış informasiyaya rast gələn olubmu 2012-ci ildə? Varsa, bizə də xəbər eləsin lütfən.

Başqa bir misalda isə iddia edilir ki, hakimiyyət dini azlıqların fəaliyyətini əngəlləyir: “Azərbaycan hakimiyyəti mürəkkəb qeydiyyat tələbləri və çap materiallarının nəzarətdə saxlanması yoluyla İslam, Ortodoks Xristian və Yəhudi dinlərinə dəxli olmayan qeyri-ənənəvi dini azlıqların fəaliyyətinə əngəllər törədir”.

Çox maraqlıdır, bəs necə olmalıdır ki? Misal üçün, dünyanın terrorçu kimi tanıdığı bin Ladenin tərəfdarları, ayrı-ayrı vəhabi və ya İran molla rejiminə bağlı sözdə din pərdəli terror qruplarının fəaliyyəti yolveriləndirmi? Elədirsə, ABŞ nə üçün bin Ladeni məhv etdi?

Hesabatın bu kəsimi isə heç cür diqqətimizi çəkməyə bilməzdi: “Azsaylı erməni əhalisi də daxil olmaqla bəzi etnik azlıq qruplarının üzvləri təhsil, iş və evlə təmin edilməklə bağlı şikayətçidir. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağdakı müharibə sonucu məcburi köçkünə çevrilən yüz minlərlə etnik Azərbaycanlı yaşayış yeri məhdudiyyətinə məruz qalır və çox zaman da dəhşətli şəraitdə yaşayırlar”.

Birincisi, Azərbaycanda etnik zəmində kiməsə qarşı hər hansı məhdudiyyət və ayrıseçkilikdən söhbət gedə bilməz. Hə, biz də bilirik ki, bir sıra şəxslər və qurumlar belə bir problemin olduğunu iddia edirlər. Ancaq hanı sübutlar?! Milli Məclis, Nazirlər Kabineti, müxtəlif nazirliklər və dövlətin istənilən idarəsində nə qədər istəsəniz etnik azlıq təmsilçisi var və heç kim heç zaman onlara etnik mənsubiyyətinə görə “gözün üstdə qaşın var” demir.

Yaxud da iddia edilir ki, Qarabağ müharibəsi sonucu köçkün düşənlərin yaşayış yeri hüququ pozulur. Düzdür, pozulur. Ancaq bunun məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi sonucu baş verdiyini qeyd etmək daha düzgün olmazdımı? Halbuki hesabatı oxuyan və Azərbaycanı çox da tanımayan bir oxucu buradan belə qənaətə gələ bilər ki, Dağlıq Qarabağ müharibəsi də nəsə Azərbaycan dövlətinin özünün öz içində törətdiyi olaydır və buna görə də insanların yaşayış yeri hüququ pozulur. Yəni bu fakta görə, əslində, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə yüz minlərlə insanımızı yurd-yuvasından edib insan hüquqlarını pozduğu ayrıca qeyd edilə bilərdi.

Hesabatda bu cür tənqidə dayanması çətin olan məqamlar çoxdur. Onlar arasında Bakı şəhərinin yenidən qurulması ilə bağlı insanların guya evlərindən zorla çıxarılması haqqında iddialar, yaxud da qadınlara qarşı dövlət səviyyəsində ayrıseçkiliyin tətbiq edilməsi kimi absurd fikirlər də yer alır. Bunlara da şərh verə bilərdik. Ancaq, deyir, “görünən dağa bələdçi nə lazım?”

Bu yazını yazmaqda məqsədimiz heç də Freedom House-ın dəyərli sandığımız fəaliyyətini və hesabatını gözdən salmaq deyil. Sadəcə onu diqqətə çatdırmaq istədik ki, yuxarıda qeyd edilən əsassız “faktlar”a dayanan bir hesabatla Azərbaycanı (yəni mənim dövlətimi! – A.H.) bir ildir qanın su yerinə axdığı Suriya ilə, yaxud da bir nazirini ölkə rəhbərinin ölümünə ağlamadığı üçün qumbaraatanla ölüm hökmünə məhkum edən Quzey Koreya ilə, lap elə acından günorta yuxudan duran, iqtisadiyyatı sıfırın altında olan, müxalifətin mitinqində on nəfəri bir gündə qətlə yetirən, qəzetləri Azərbaycan qəzetlərinin tozuna belə çatmayan Ermənistanla bir sırada görmək olarmı? Olmaz əlbəttə! Ancaq görənlər varmış. Və hətta Ermənistanın bizdən daha azad olduğunu belə iddia edərək. Ona görə də bu ölkə Azərbaycandan bir addım öndə, yarımazad ölkələr sırasında yer alıb.

İndi isə girişdə verdiyimiz sitata qayıdırıq. Ermənistanın bir zamanlar hansısa daha böyük və bütöv olduğunun iddia edildiyi belə bir hesabat, təbii ki, Azərbaycana münasibətdə yetərincə obyektiv olmamalı idi. İndi bu hesabatı hazırlayanlara sual versək ki, məgər həmin dönəmlərdə Ermənistan adlı hər hansı bir dövlətmi, siyasi quruluşmu vardı ki, onun yarısı o tərəfdə, yarısı da bu tərəfdə qalmış olsun?!

Sonda bir daha qeyd etmək istərdik ki, bu yazıda bəzi məqamlara aydınlıq gətirməkdə amacımız heç də Freedom House-ı gözdən salmaq deyil. Biz həmin təşkilatın faydalı işlə məşğul olduğunu bilirik və qəbul edirik. Ona görə də istəməzdik ki, hesabatlar açıqlayarkən kimlərinsə uydurduğu yalan məlumatlara əsaslansınlar. Daha dürüst, tam obyektiv məlumatlara gərək varsa, biz bunu təmin etməyə hazırıq. Necə ki, bir zamanlar etmişdik və onda Azərbaycanın adı nəhayət ki, yarımazad ölkələr sırasına salınmışdı...