“Elektrik enerjisində heç bir problem olmayacaq”

elektrik-enerjisinde-hec-bir-problem-olmayacaq
Oxunma sayı: 1145

2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azərişıq” ASC-nin mətbuat xiddmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. O, qeyd edib ki, xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materialları, avadanlıqlar, maşın-mexanizmlər var: “Hazırda bütün yarımstansiyalarımızda təftiş işləri davam etdirilir. Havanın şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ şəkildə aradan qalıdırılmasına tam hazırıq. Bizim 24 saat fəaliyyət göstərən çağrı mərkəzimiz var. Abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə deyə bilərlər”.  

O bildirib ki, ötən 11 il "Azərişıq" ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yeni yarımstansiya tikilib. Yeni inşa edilmiş 35 kV yarımstansiyaların sayı isə 141-ə çatır: “Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb”. 

T. Mustafayevin sözlərinə görə, “Azərişıq” ASC tərəfindən regionlarda 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2920 ədəd 10-6 kV-luq YS inşa edilib, 17725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 337982 ədəd dayaq quraşdırılıb: “Bütün bunlar əsas verir ki, bu payız-qış mövsümü ərzində "Azərişıq" ASC-nin abonentlərinə göstərdiyi xidmətin səviyyəsi digərlərindən fərqlənəcək. Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək”.