Elektron imza vəsiqəsinin alınması sadələşdirilir

elektron-imza-vesiqesinin-alinmasi-sadelesdirilir-
Oxunma sayı: 650

Belə ki, hazırda elektron imza vəsiqəsi alınması prosedurlarına yeniliklər edilərək, daha da sadələşdirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron ərizə proqram məhsulu hazırlanıb. Bu proqramın köməyi ilə istənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və online qaydada ödəniş etməklə, elektron imza kartı sifariş edə bilər.
Hazırda da hər bir vətəndaş, dövlət hakimiyyəti orqanı və hüquqi şəxslərin səlahiyyətli nümayəndəsi bütün respublika ərazisini əhatə edən Qeydiyyat Mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı ala bilir. Amma birbaşa Qeydiyyat Mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazımdır. Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət Mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf olunur. Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq.

Nigar Məmmədli