“Elektron Təhsil” müsabiqəsində layihələrin qeydiyyatı başa çatdı

elektron-tehsil-musabiqesinde-layihelerin-qeydiyyati-basa-catdi
Oxunma sayı: 702

“Elektron Təhsil” respublika müsabiqəsində layihələrin qeydiyyatı başa çatıb. Müsabiqənin Təşkilat Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqəyə ümumi olaraq 788 layihə təqdim olunub, onlardan 601-i qeydiyyatdan keçib. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən xəbərə əsasən, iki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla, Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təhsil” müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 192, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 115, “İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 224 layihə təqdim olunub. “Təhsildə İnternet texnologiyaları" istiqamətinin “Təhsildə İnternet resursları” nominasiyası üzrə 39, “Müəllimlərin bloqları” nominasiyası üzrə isə 31 layihə təqdim olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Nigar Məmmədli