Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı təqdimat olub

elet-azad-ticaret-zonasinin-yaradilmasi-ile-bagli-teqdimat-olub
Oxunma sayı: 644

Bu gün Bakı Biznes Mərkəzində aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, bu dəhlizlərə əlavə yüklərin cəlb edilməsi məqsədilə keçən ilin aparel və sentyabr aylarında Vaşinqtonda və Vyanada, bu il fevralın 28-də Pekində “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı forumlar təşkil olunub, Azərbaycanın nəqliyyat imkanlarının təşviqi istiqamətində təqdimatlar keçirilib və bu istiqamətdə tədbirlər davam etdirilir:

“Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər sayəsində yükdaşıyıcıları üçün keçid prosedurları sadələşdirilib, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınıb ki, bunun nəticəsi olaraq 2017-cı ilin 1-ci rübündə ölkəmizin ərazisindən 7500 TIR keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur. 2016-cı ilin 1-ci rübü ilə müqayisədə bu ilin 1-ci rübündə yükdaşımalar ümumilikdə 26% artıb, qeyri-neft məhsullarında isə 50% artım müşahidə olunub. Bu ilin 1-ci rübündə ölkə ərazisindən 3 milyon ton yük daşınıb. Limanın birinci fazası üzrə işlər tamamlandıqdan sonra yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaq”. 

Daha sonra “Economic Zones World FZE” şirkəti tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. Tədbirdə “Azad zonalar haqqında” Qanun layihəsi, beynəlxalq təcrübə üzrə müqayisəli təhlil, Tənzimləmə və Əməliyyat Modeli, Baş Planının təsviri konsepsiyası və s. barədə hesabat təqdim edilib.