Əli Bayramov ölkədən qaçıb, yoxsa?..

eli-bayramov-olkeden-qacib-yoxsa
Oxunma sayı: 5821

 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Publika.az-a “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədr müavini Aydın Əzizov məlumat verib.

 Onun sözlərinə görə, hazırda Əli Bayramov və xanımı İstanbulda yerləşən xəstəxanada müalicə olunurlar.

 Əli Bayramovun ölkədən qaçması barədə yayılan məlumatlara da toxunan A.Əzizov deyib ki, Ə.Bayramov bu həftənin sonu Bakıya qayıdacaq:

 “Əli müəllim səhhəti ilə əlaqədar ərziə verib və işdən azad olunub. Bu saat da o İstanbulda müalicə alır və həftənin axırı Bakıda olacaq. Əli müəllim heç yerə qaçmayıb. O, bu həftənin axırı Bakıda olacaq. Onun qaçması barədə yazanlar tərbiyəsizlik edirlər”.

 A.Əzizov “Aqrolizinq” ASC-də korrupsiya hallarının aşkar olunması barədə Hesablama Palatasının yaydığı məlumata da münasibət bildirib:

 “Yoxlamalar aparılıb və müəyyən nöqsanlar aşkar olunub. Hazırda bu istiqamətdə araşdırmalar aparılır. Əgər araşdırmalardan sonra günahı olan tapılsa, o zaman gedib həbsdə yatacaq. Burada başqa heç bir narahatçılıq da yoxdur.

 “Aqrolizinq” ASC Prezidentimizin sərəncamı ilə yaradılan təşkilatdır. Bu təşkilat isə bağlanmayacaq. Hazırda da “Aqrolizinq” ASC-yə sədr əvəzi Elşən Məmmədov rəhbərlik edir. O, kifayət qədər savadlı və təcrübəli kadrdır, elmlər namizədidir”.

 Xatırladaq ki, "Virtualaz.org" saytına daxil olan məlumata görə, Ə.Bayramov müalicə adı altında xarici ölkələrdən birinə qaçıb.

 Məlumatda deyilir ki, Əli Bayramovun tələsik işdən çıxaraq ölkəni tərk etməsinə səbəb barəsində tezliklə cinayət işinin qaldırılacağı və həbs olunacağı barədə aldığı xəbərlər olub.