Əli Həsənov Almaniyada olub

eli-hesenov-almaniyada-olub
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, iyunun 9-da Humboldt Universitetində Almaniya ictimaiyyətinin və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə Əli Həsənov "Azərbaycanın müasir inkişafı: Mövcud vəziyyət və perspektivlər" mövzusunda geniş məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Professor Əli Həsənov iyunun 10-da Humboldt Universitetində Azərbaycan tarixini öyrənən tələbələr qarşısında “Cənubi Qafqaz, mövcud geosiyasi vəziyyət və Azərbaycan” mövzusunda ikinci məruzə ilə çıxış edib, dinləyiciləri maraqlandıran çoxsaylı suallara cavab verib. Sonra şöbə müdiri Azərbaycan tarixi kafedrasına, universitetin arxivi və kitabxanasına baş çəkmiş, onların fəaliyyəti ilə tanış olub.

Səfər proqramı çərçivəsində Əli Həsənov Berlində Almaniya Bundestaqının üzvü Philipp Misfelder ilə görüşüb, Almaniya ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf yollarını müzakirə edib. Şöbə müdiri, həmçinin Berlindəki Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinə baş çəkmiş, Mərkəzin fəaliyyəti ilə tanış olub, tövsiyələrini verib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov görüşlərdə iştirak edib.

Şöbə müdiri Əli Həsənov ölkəmizin Almaniyadakı səfirliyində olmuş, səfirliyin kollektivi ilə geniş tərkibdə görüş keçirmiş, Azərbaycan dövlətinin xarici siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bu istiqamətdə görüləcək işlərlə bağlı bir sıra tövsiyələr vermişdir.