Əli Həsənovun vəkilləri

eli-hesenovun-vekilleri
Oxunma sayı: 1449

Raminə Eyvazqızı

2015-ci ilin 4 dekabrında  Günəşli yatağındakı yanğında  ölümdən dönən, ağır yanıqla xəstəxanada müalicə alan neftçi özünə gələndə belə demişdi: "Rövnəq müəllim neyləsin, hadisəydi oldu. Hər şey başqa cür də ola bilərdi, ölə də bilərdim." 

Həmin neftçinin saxta hisslərinin səbəbləri vardı. İş işdən keçibsə, artıq onun qaraqışqırıq qoparmağının mənası da yoxdu, sözü verilən kompensasiya və vədlər yolda idi. Amma bu bir insan xarakteri idi, onlarla həmkarı, dostu ölən insan eqosunu dindirmişdi, günlərlə aldığı ağır xəsarətin ağrısına görə yüksək dozalı iylələr vurdururdu. Deyim ki, etiraz etməliydi, yox əsla. Hələ yatağında ona-buna möhtac insan artıq məğlub sayılırdı. Amma məsuliyyətsiz, səriştəsiz insanları bu qədər müdafiə etməməliydi. Çünki başımıza gələn növbəli hadisələrdə səhlənkar məmurların rolu hədsizdir, onları elliklə ifşa etmədən bir yerə vara bilmərik. Axı ölkə rəhbəri də bu məsələdə sözünü həmişə deyib.

İndi də "Qaçqınkom" sədrinin ərköyün nəvəsi və qurbanları gündəmdən düşmür. Sadə ailə övladı olan mərhum sürücünün anası heç kəsi şikayət etmir, hər şeyi Allahın ədalətinə buraxır. İçi yanır, yeganə övladını geri qaytarmaq üçün möcüzə gözləyir. Hardadır o möcüzə? Axı əsrlərdir, insanlar öz yaxınlarını öldürənləri, qatilləri ya öz əlləri ilə cəzalandırıblar, ya da bir az müasir yollarla cəzasını çəkməsini istəyib və ya nail olublar. Ədalət arxasınca düşənlər bir az acılarını susdurmağa çalışıblar. Bəs indi bu qurban yaxınları niyə çığırmırlar? Başqa bir piyadanın ölümünə səbəb olan qatilin müdafiəsinə yenə də qalxanlar, həmin qurbanın yaxınlarıdır. 

Ata itirmiş övladlar bu qədər müdafiəçi, vəkil ola bilməz axı? Ailə başçısını  yolda durduğu yerdə maşınla tapdalayan, ayağını qoparan qatil üçün necə müdafiəçi cümlələr qurmaq olar? Az qala deyələr ki, "Nail, qazı basan ayağına qurban olum". Lap o ata ailəyə layiq olmasa belə, ondan bezsələr belə, atanın qatili üçün "yazıq oğlanın üstünə düşüblər" birləşməsini işlətmək absurddur. İnsanı satın alsalar da, belə qatil üçün "yazıq" kəlməsini işlətmək insanlığı təhqir etməkdir. Heyrətlər içindəyəm. 

Bəli, qatilin babasının təqsiri yoxdur, amma nəvə ilə babanı belə müdafiə edirsizsə, sabah hansısa haqqın, ədalətin müdafiəsindən söhbət gedə bilməz. Yenə anlamaq olar, ölmüş adam üçün nə edilsə də, onu geri qaytarmaq mümkün deyil. Amma öldürülmüş ata üçün " yaşlı adam idi" fikrini deməklə, yaşlı insanları da birbaşa təhqir edirlər. Atanızın qanpulunu aldınızsa, sizə halal olsun! Belə övlad yəqin sabah da"nə yaxşı atamı maşın vurdu, filan mövqeyə çatdım"deyə fəxr edər. Bundan sonra biz də haqq-ədaləti büküb dənizə ataq, özümüzü niyə yoruruq ki? Belə çıxır ki, insanın xislətində məmur maşının altında qalmaq arzusu kimi arzular da varmış. Belə arzu yiyələrinə bu başdan uğurlar arzulayıram!