Əli İnsanov etiraz bəyanatı yaydı

eli-insanov-etiraz-beyanati-yaydi
Oxunma sayı: 1764


Sabiq səhiyyə naziri Əli İnsanov fevralın 25-də Bakı Apelyasiya Məhkəməsində keçiriləcək prosesə qatılmayacaq. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Yeni Müsavat”a onun vəkili Toğrul Babayev məlumat verib. Vəkil deyib ki, müvəkkili saxlanıldığı Bakı İstintaq Təcridxanasından etiraz bəyanatı yayıb. T.Babayev etiraz bəyanatının Bakı İstintaq Təcridxanasının rəisinə təqdim edildiyini bildirdi. 

Onun sözlərinə görə müvəkkili etiraz bəyanatında yazıb: “Bakı Apelyasiya Məhkəməsində hüquqlarım kobud şəkildə pozulur. Vəkillərimin vəsatətləri təmin olunmur, hakimlər danışmağa belə imkan vermir. Məhkəmə zalında mülki şəxslər olur və faktiki olaraq məhkəməyə onlar rəhbərlik edirlər. Onlar vəkillərə təzyiq göstərirlər. Məhkəmədə dindirilmələrini istədiyimiz şahidlər çağırılmır. Faktiki olaraq Avropa Məhkəməsinin qərarı icra olunmur. Belə bir formada aparılan məhkəmə ədalətli ola bilməz. Hesab edirəm ki, hakimlər barəmdə olan və 2007-ci ildə çıxarılan ədalətsiz məhkəmə qərarını qüvvədə saxlayacaqlar. Bütün bunlara görə Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə iştirak etməkdən imtina edirəm”. 

T.Babayev deyib ki, Bakı Apelyasiya Məhkəməsinin verəcəyi qərardan birbaşa Avropa Məhkəməsinə şikayət vermək hüquqları var. Vəkil qeyd edib ki, Ə.İnsanov Bakı Apelyasiya Məhkəməsinin sədrini məhkəməyə verib: “Əli İnsanov hesab edir ki, onun şüşə kabinəyə salınması və orada havasız şəraitdə saxlanılmasına göstəriş verən İman Nağıyevdir. Artıq şikayətimiz Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatına verilib. Şikayətə 28 fevral 16:00-da baxılacaq”.

Yada salaq ki, Avropa Məhkəməsi Ə.İnsanovun şikayətinə baxaraq 2006 və sonrakı illərdə  Azərbaycan məhkəmələrində onun işinə baxılarkən bir çox hüquqlarının pozulduğunu tanıyıb. Bir qədər əvvəl isə Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı qərar verib. Həmin qərarın bir hissəsinə görə Ə.İnsanovun işinə Bakı Apelyasiya Məhkəməsində baxılmalı, digər hissəsinə görə isə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə bir ziddiyyətli qərarın verilməsi məhkəmənin gələcəkdə verəcəyi qərarı şübhə altına alıb.

Sonuncu prosesdə - fevralın 21-də keçirilən məhkəmə zamanı hakimlərə etiraz edən keçmiş nazir prosesdə iştirakdan imtina edib və məhkəmənin ikinci hissəsi Əli İnsanov olmadan keçirilib.  Qeyd edək ki, Əli İnsanov məhkəmə zalında xüsusi hazırlanmış şüşə kabinəyə salınır. Həmin kabinədə quraşdırılan mikrofonun düyməsi isə hakim Qədim Babayevin əli altındadır. Hakim istədiyi vaxt düyməni sıxır və Ə.İnsanovun səsi eşidilir. Q.Babayev sabiq nazirə fikrini tam şəkildə deməyə imkan tanımadan əlini düymədən çəkir və Ə.İnsanovun səsi eşidilmir. Belə bir şəraitdə keçən prosesdə prokuror çıxışında Əli İnsanovun 11 il azadlıqdan məhrum edilməsi barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxartdığı 20 aprel 2007-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını istəyib.

Əli İnsanovun vəkilləri isə onun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.