Əli İnsanovla bağlı proses başlayır

eli-insanovla-bagli-proses-baslayir
Oxunma sayı: 3051

Sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi təyin edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesin növbəti iclası yanvarın 16-da keçiriləcək.

Bu proses üzrə sonuncu iclas 2017-ci il noyabrın 14-də keçirilib. O zaman dövlət ittihamçısı cinayət işi materialları ilə tanış olmadığı üçün vaxt istəmişdi və bu səbəbədən proses qeyri-müəyyən müddətə təxirə salınmışdı. 

Əli İnsanov özü məhkəməyə müraciət edərək prosesdə iştirak etməkdən imtina etdiyini bildirib.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

Ə.İnsanov qanunsuz narkotik daşımada, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilib.

Ə.İnsanov bundan əvvəl isə 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. 

Murad Əhməd