Əli Kərimli bazardan yazdı

eli-kerimli-bazardan-yazdi
Oxunma sayı: 662

“Qiymətlərin bu qədər baha olmasının obyektiv iqtisadi səbəblərlə deyil, hakimiyyətin acgözlüyü ilə bağlı olduğunu və ölkədə normal hakimiyyət qurulacağı təqdirdə əksər mallara qiymətlərin dəfələrlə düşəcəyini bilirsinizmi?

1. Xaricdən ölkəyə malların gətirilməsi oliqarxların inhisarında olduğundan, gömrükdən keçirmə zamanı sahibkarlardan yüksək miqdarda rüşvət alındığından həmin məhsullar Azərbaycanda dünya bazar qiymətlərindən baha satılır. İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri idxal olunan malların xaricdən alındığı qiymətlərlə ölkəyə gətirildikdən sonra pərakəndə satış qiymətlərinin müqayisəsini aparıblar. Nəticələr çox narahatedicidir. Ölkəyə xaricdən gətirilən mallar bir qayda olaraq dəyərindən bir neçə dəfə baha satılır. Hətta elə məhsullar var ki, daxili bazarda xaricdən alındığı qiymətdən 6-12 dəfə (diqqət edin, faiz yox, dəfə) baha qiymətə satılır. Misal olaraq, avtomobil satışına diqqət edək. Ölkədə 1 milyondan artıq avtomobil olduğunu, təkcə 2012-ci ildə ölkəyə 100 mindən artıq avtomobil gətirildiyini nəzərə alsaq, avtomobillərin bu qədər baha olmasının nə qədər əhali üçün problem yaratdığını təsəvvür edə bilərik. Ölkəyə gətirilən avtomobillərə görə aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumu tutulur. Rüşvət də öz yerində. Beləliklə, qonşu Gürcüstanda su qiymətinə olan maşınlar Azərbaycan əhalisinə 2-2.5 dəfə baha qiymətə satılır. Gürcüstan da Azərbaycan kimi avtomobil istehsal etmir. Maşınların bizim ölkəmizdə Gürcüstandan azı 2 dəfə baha olmasının səbəbləri haqda heç düşündünüzmü? Özümüz avtomobil istehsal etmədiyimiz halda (daxili bazarı qorumaq arqumenti yaramır) xaricdən gətirilən maşınlara bu qədər yüksək vergi və rüsumların təyin olunmasının səbəblərini düşündünüzmü? İdxal olunan müxtəlif ərzaq məhsullarının, gündəlik istehlak məhsullarının, təmir-tikinti məmulatlarının və s. malların satışında da təqribən eyni vəziyyət hökm sürür.

2. Ölkədə istehsal müəssisələri faktiki məhv edilib. Barmaqla sayılacaq istehsal müəssisələri ya ailənin özünə, ya da ətrafdakı oliqarxlara aiddir. Ona görə də daxili bazarda inhisarçı mövqelərindən istifadə edərək istədikləri satış qiymətlərini təyin edirlər. Hər gün hamımızı soyurlar. Yazı daha da böyük olmasın deyə yalnız bir misal: Azərbaycanda artıq kimə məxsus olduğunu bildiyiniz Azərsun Holdinqin şəkər zavodu tikilənədək şəkər tozunun və qəndin qiyməti 40-50 qəpik idi. O zaman bu məhsullar idxal olunurdu. Şəkər zavodu istifadəyə veriləndən sonra ilkin mərhələdə qiymətlər 30-40% artırıldı. İndi isə qəndin 1 kq-nın qiyməti 1 manat 20 qəpikdir.Qiymətlər 3 dəfə artıb. Məsələn, qonşu İranda qəndin 1 kq-ı hələ də 40-50 qəpikdir.

3. Baxmayaraq ki, ölkəmiz dünyaya neft, qaz satmaqla məşğuldur, elektrik enerjisi, benzin və qazın əhaliyə satışına hökumət çox yüksək qiymətlər təyin edib. Məsələn, neft istehsal edən İranda benzinin (embarqodan sonra) 1 litri 19 qəpik, Venesuelada 2 qəpiyə yaxın, Türkmənistanda isə 1 qəpikdən bir az artıq olduğu halda, Azərbaycanda 55 qəpikdir. Ukrayna kimi Rusiyanın neft və qazından asılı ölkədə 1 kvt/saat elektrik enerjisinin qiyməti 2,1 qəpik- Azərbaycandakından az qala 3 dəfə ucuzdur. 1 kvt/saat elektrik enerjisi Belarusda 3, Qazaxıstanda 5, Ermənistanda 5,4 qəpik olduğu halda Azərbaycanda 6 qəpikdir. Qazın da qiyməti qaz ixracatçısı olan Azərbaycanda başqaları ilə müqayisədə xeyli bahadır. Vətəndaşlara satılan 1000 kubmetr qazın qiyməti Azərbaycanda 100, məsələn, Qazaxıstanda 60 manatdır və s.

Malların ölkəyə gətirilməsi zamanı gömrükdəki qeyri-qanuni yığımlar, ən müxtəlif məhsulların ölkəyə gətirilməsinin və topdansatışının ayrı-ayrı oliqarxların inhisarında olması, inhisarçıların məhsullara dəyərindən xeyli artıq qiymət təyin etməsi, vergi orqanlarının ticarətçilərdən topladığı qeyri-rəsmi ödəmələr, digər orqanların “öz çəkisinə” müvafiq topladığı rüşvətlər bütün istehlak məhsullarının qiymətini fantastik olaraq qaldırır. Beləliklə, hər bir vətəndaş bilməlidir ki, istehlak mehsullarını onların real dəyərindən ən azı 2 dəfə artıq qiymətə alır. Ticarət obyektlərində xərclədiyiniz pulların azı yarısı “yeyib doymuşlarin” gözlərini doydurmaq üçün sizdən qanunsuz olaraq toplanılır”.

Əli Kərimli bildirib ki, ölkədə köklü dəyişikliklər yalnız azadlıqları bərqərar etməyəcək, yalnız birbaşa oğurluqların, ölkə sərvətlərinin offşor şirkətlərə daşınmasının qarşısını almayacaq, həm də mal və məhsulların da dəfələrlə ucuzlaşmasına səbəb olacaq: “Sizi boğaza yığmış bu bahalıq, yüksək qiymətlər obyektiv iqtisadi səbəblərlə bağlı deyil. Anti-xalq rejimin acgözlüyünün yaratdığı süni problemdir. Həll edəcəyik”.