Əli Kərimli səfirlə görüşüb

eli-kerimli-sefirle-gorusub
Oxunma sayı: 693

AXCP Mətbuat Xidmətinin yaydığı məlumata görə, görüşdə Azərbaycanla Belçika arasındakı münasibətlər, Avropa Birliyinə assosiativ üzvlük məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Şərq Tərəfdaşlığı proqrammı çərçivəsində Azərbaycanın atmalı olduğu addımlar və ölkədaxili vəziyyət müzakirə edilib.

Görüşdə siyasi məhbusların, xüsusilə «2 aprel» məhbuslarının taleyi barədə danışılıb. Səfir bildirib ki, Avropa Birliyi məhbusların azad olunmasında israrlıdır.
Bundan başqa, sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlər müzakirə olunub və səfir bu problemin bütün Avropanın, o cümlədən Belçikanın diqqətində olduğunu ifadə edib. Bildirib ki, sərbəst toplaşmaq azadlığının təmin olunması Avropa Birliyi ilə Azərbaycan arasında əsas müzakirə mövzularından biridir.

Görüşdə AXCP sədri media azadlığı ilə bağlı problemlərə toxunub, hakimiyyətin jurnalistlərə qarşı təzyiqləri barədə səfirə məlumat verib. Ə.Kərimli qəzetlərə qarşı məhkəmə iddialarından, «Xural» qəzetinin çapının dayandırılmasından danışıb. Səfir öz növbəsində ölkəsinin söz və mətbuat azadlığını dəstəklədiyini ifadə edib.
Görüşdə AXCP və İctimai Palatanın gələcək fəaliyyəti, plan və proqramları ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda tərəflər bu cür işgüzar müzakirələrin bundan sonra da davam etdirilməsinə dair razılığa gəlib.