Əli Mirəliyevlə bağlı növbəti qalmaqal

eli-mireliyevle-bagli-novbeti-qalmaqal
Oxunma sayı: 2893


Baş verənlərlə bağlı “Yeni Müsavat”a açıqlama verən müğənni Əli Mirəliyev jurnalistin ona fikrini tamamlamağa imkan vermədiyini, təxribat yaratmaq istədiyini dedi: “Hələ veriliş başlamadan əvvəl Şahin mənə dedi ki, bilsəydim ki, siz burdasınız, gəlməzdim. Dedim ki, hələ veriliş başlamayıb, görürsən ki, burdayam, çıx get. Niyə dayanmısan burda?! Daha sonra başladı provokasiya etməyə. Bu Şahin adlı insan mənə bayırda deyir ki, mən sizin yerinizdə olsam bu müğənnilər haqda fikir söyləyəndə əvvəlcə onlardan pul alardım. Onun yanında  ”Soy" Prodakşının əməkdaşı Tural da vardı. Mən də buna dedim ki, sən doğrudan da savadsız insansan. Mən Dilarə Əliyevanın yetirməsiyəm. Sən başa düşürsən kimə nə dediyini?! Məni zamanında Bədii Şura qəbul edib, mən məktəb keçmiş müğənniyəm. 

Onunla birlikdə olan  Tural Ozan özü mənimlə söhbətə girmədi. Amma Şahini ora gətirib qalmaqal yaratmaq istəyən elə Turalın özüdür. Bunlar çox yaxşı bilirlər ki, mən istəyirəm ki, mahnılardan Azərbaycan ab-havası gəlsin. Təəssüf ki, bu gün müğənnilər Azərbaycan mahnılarını oxuya bilmirlər. “Günaydın” verilişində də mövzu səslənən mahnılar, efir mədəniyyəti idi. Ancaq özünü jurnalist adlandıran Şahin imkan vermədi ki, mən axıra kimi fikrimi tamamlayım. Burada Məmmədbağırdan söhbət getmirdi. Söhbət o vaxtlar konsert müğənniləri vardı ki, Azərbaycan televiziyasının Bədii Şurası bu insanları efirə buraxmırdı. Mən dedim ki, o vaxt Ağadadaş Ağayev, Sabir Əliyev, Məmmədbağır Bağırzadə və bir neçə müğənnilər toyda oxuyanlar idi. Bu müğənnilər toylarda  oxusalar da onları efirə buraxmırdılar. O vaxt Mərkəzi Komitənin rəyi vardı ki, ancaq bəstəkar mahnısı, tanınmış şairlərin mahnılarını, xalq musiqisini və muğamları oxuyan insanlar efirə buraxılsın. Məmmədbağır Bağırzadə böyük sənətkardır. Rəhmətliyin ən yaxın adamı mənəm, o qohumumdu. Bu jurnalistin fikri qalmaqal salmaq idi. Çünki o özü ara jurnalistidir. Sən haradan bilirsən mənim dövrümdə Məmmədbağır Bağırzadə necə olub?!"

Ə.Mirəliyev telekanalların onu gözdən salmağa çalışdığını dedi: “Televiziyalar məni oxumağa çağırmırlar. Çünki mən onlara sərf etmirəm. Mənim oxuduğum mahnılar insanları düşündürər. Bu telekanalların fikri odur ki, məni bu yaşda gözdən salsınlar. Şahin deyib ki, insanlar mənə qulaq asmırlar, maraqsızam. Əksinə, mənə qulaq asırlar. Bütün ağsaqqallar təqaüdlərini, maşınlarını, evlərini alıb susublar. Elə bilirlər hər şey qaydasındadır. Onlar da görürlər ki, musiqimizi biabırçı hala salıblar. Amma dinmirlər. Yeganə etiraz edən mənəm. Ona görə də üstümə düşüblər ki, məni gözdən, nüfuzdan salsınlar. Provokasiyanın gücünə bax ki, mən demişəm ki, Məmmədbağır Bağırzadə baxmayaraq ki, ara konsertində oxuyan idi, amma  efirdə sevildi, başqa mahnılar oxudu. Şahin deyir ki, yox, sən niyə ona ara müğənnisi dedin. Sən heç bilmirsən axı onun tarixini? Məmmədbağır 70-ci illərdə ”Ana ürəyi", “Ay oduna yanmış” kimi mahnılar oxuyurdu. Bunu efir qəbul etməsə də insanlar sevirdilər. Məsələnin kökü budur. Biz niyə kökümüzdən gələnləri oxumayıb, başqa xalqların mahnılarını oxumalıyıq?! Bəzi gənclər internetlə səslərini düzəldir, sponsor tapıb müğənnilik edirlər. Bunlar Üzeyir bəyin musiqilərini yox, səs-beton musiqilərini gündəmə gətirmək istəyirlər. Mən bunlarla  mübarizə aparıram. Çoxları da mənim üstümə ona görə düşüb. Mən dinimi, musiqimi və millətimi çox sevirəm. Kasıb da olsam, təklənsəm belə musiqimizin yaşaması üçün mübarizə aparacağam. Bəzi dırnaqarası müğənnilərin mənə gücü çatmaz. Çünki mən haqq yolundayam".