Əli Nağıyevlə Orxan Sultanov konfransda

eli-nagiyevle-orxan-sultanov-konfransda
Oxunma sayı: 5193

Sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, eləcə də müşahidəçi qismində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.

Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını salamlayıb və prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

General-leytenant Əli Nağıyev çıxış edərək Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransına üzv olan və müşahidəçi qismində iştirak edən dövlətlər üçün ciddi təhlükə doğuran terrorçuluğa, dini ekstremizmə və təcavüzkar separatçılığa birmənalı və vahid mövqedən yanaşmanın zəruri olduğunu bildirib.

İclasda çıxış edən Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov beynəlxalq terrorçuluğun dövlətlərimizin milli mənafelərinə yaratdığı təhdidlərdən danışıb. General-leytenant Orxan Sultanov bu baxımdan türkdilli dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra digər ölkələrin rəmsi şəxsləri mövzu ilə bağlı çıxışlar ediblər.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin yaradılması haqqında, həmçinin XXII Bakı iclasının nəticələri üzrə müvafiq sənədlər imzalanıb. Konfransın növbəti iclasının gələn il Qazaxıstanın Almatı şəhərində keçirilməsi qərara alınıb.