Azərbaycanda 60 minə yaxın əqli və fiziki problemli əlil uşaq var. Gəl ki, çox vaxt valideyn belə övladının olmasını özü üçün böyük bədbəxtlik bilir, övladını ətrafdan gizləməyə çalışır. Ya da o uşağın gələcəkdə hansısa işə yarayacağını fikirləşmir. Çox az ana, ata övladını cəmiyyətə hazırlamağa can atır, onun müalicəsi, təhsil alması üçün çabalayır. Çabalayır deyirəm, çünki indiki zamanda dövlətin "qayğıkeş", yaxşı qanunları olsa da əməl edəni yoxdur. Bir iş qalır, o da valideynin diribaş, tələbkar olmasıdı.
Validə xanım da vaxtı ilə övladının problemini həll etmək üçün cox zəhmətə qatlaşıb və psixoloji yük daşıyıb. Amma onun digər valideynlərdən fərqi odur ki, o təkcə öz uşağını deyil, başqa uşaqların da insan arasına çıxmasını, cəmiyyətdə yerini tutmasını arzulayıb. Oğlu üçün çəkdiyi əziyyəti başqa analar da cəkməsin deyə cəmiyyət yaradıb. Qeyri-hökümət təşkilatı kimi qurulsa da, birlik əlil uşaqların cəmləşdiyi mərkəzə çevrilib.
"Qafqazinfo" Azərbaycanda sosial iş üzrə mutəxəsislərdən biri "Müşfiq" Əlil uşaqlara yardım ictimai Birliyinin sədri Validə Abbasovayla olan söhbəti təqdim edir. Sizdə bu fədakar, qayğıkeş xanımı yaxından tanıyın.
"Hazırkı binamızı almaq üçün öz evimi satdım, indi isə buranı ticarət mərkəzi etmək üçün satın almaq istəyirlər"
Mərkəzə daxil olanda, foyedə bir xanım azyaşlı qızını geyindirirdi. Validə xanımı görcək ona alqış etməyə başladı. "Qızımda xeyli irəliləyiş var, Allah köməyiniz olsun". Validə xanım fərəhlənərək dedi: "Bax mənə də elə bu lazımdı". Sonra məni mərkəzin otaqlarıyla tanış etdi. Kiçik otaqlarda demək olar ki, hər cür əlilliyi olan uşaqlar ücün şərait var idi. İdman, massaj, psixoloq, loqoped köməyi üçün ayrılmış otaqlar, sensorterapiya otağı(psixoloji gərginliyi olan, autizmli, əqli problemli uşaqlar üçün müalicə). Hətta uşaqların yataq və yemək otağı da var. Tanışlıqdan sonra Validə xanım 15 il əvvələ qayıtdı və bu məkanı yaratmaq zərurətindən danışdı: "İlk vaxtlar belə bir yardım mərkəzini qurmaq fikrimi deyəndə çox etirazla qarşılaşdım. Dedilər ki, dövlət internat məktəblərini bunun üçün yaradıb, ehtiyac yoxdur. Çox qapıya getdim, bəhanələr gətirdilər, amma istəyimi öldürə bilmədilər. İndiki binanı tapdım, özəlləşdirmək ücün pul istədilər. Amma bu çətinlik də mənə mane olmadı. Öz evimi satdım, pulun bir hissəsini özəlləşdirməyə verdim qalan hissəsini isə təmirə xərclədim. Bu işdə ailəm və yaxın rəfiqəm Ülviyyə xanım da dəstəyim oldu. Mərkəz də elə oğlumun adını daşıyır. Müşfiqimlə çox çətin günlərimiz olub. Bu gün Sahil qəsəbəsindəki 867 əlil uşaqdan yalnız 60 nəfərinə yardım gostərə bilirik. Kaş ki, daha çox imkanlarımız olardı. Mərkəzə üzv uşaqlarımız 3-12 yaş arasındadılar. Bir necə qrup üzrə təlimlər keçirilir. Səhər saat 10-dan axşam 5-ə qədər uşaqlara psixoloji, pedoqoji, defektoloji yardım gostəririk. Pulsuz yemək, yatmaq üçün şərait yaradırıq. Onu da qeyd etməyi borc bilirəm ki, uşaqlarımızın qidalanma xərclərini, eləcə də kommunal borclarımızı 10 ildir ki, "Garadagh Cement" Holding (indiki "Holcim-Azerbaijan" ASC) ödəyir.
"Elə əlil uşaqlarımız olub ki, indi onlar arasında ailə quranları və ali təhsil alanları var. İnternat evləri əlil uşaqlara heç nə vermir"
Validə xanım deyir ki, əsas məsələ valideynlərlə işdir. Bura gələn valideyn bizə inanmalı, övladının qabiliyyətlərini kəşf etməkdə mübariz olmalıdır. Elə valideyn var ki, səbirsizdir, uşağının tez sağalmasını istəyir, uşağın isə birdən-birə irəliləməsi mümkün deyil. Səbirli və humanist yanaşma bizim işimizdə əsas meyardır. Bu vaxta qədər mərkəz 700-ə yaxın uşağa dəstək olub. Bu gün internat məktəblərində uşaqlarla yad kimi davranırlar. Bir müddət əvvəl mərkəzimizə Ləman adlı bir qız qəbul etmişik. Həmin qız uşağıyla orada elə kobud davranıblar ki, bura gələndən uşaq hər gün hamımızı qucaqlayır, öpür. Hiss olunur ki, əqli problemi olsa da buradakı münasibət fərqini ayırd edir. Və yaxud, Ayşə adlı uşaq yataq xəstəsi idi. Bura cəlb olunandan uşaqlara qaynayıb qarışıb, ailəsi evdə də uşağın davranışındakı dəyişikliyi gorür. Rəna adlı qızımız indi özü uşaqlarla məşğul olur. Elnur adlı uşağımız vaxtiylə bizim mərkəzdə idi, indi böyüyüb, özü bizə təssərrüfat işlərində yardım göstərir. Mərkəzimizdən çıxanlar arasında Müsfiq qarışıq neçə-neçə uşaqlarımız ali təhsil alırlar. Bir neçəsi ailə qurublar. Üzümü tutub valideynlərə deyərdim ki, uşaqlarınıza vaxtında dəstək olun. Müalicəylə yanaşı psixoloji, pedoqoji yardıma cəlb edin. Maddi durumu bəhanə edib əlil uşaqları kənarda saxlamayın".
"Heç olmazsa işçilərimə maaş verilməsində yardım göstərilsin"
Bu gün bir çox qeyri-hökümət təşkilatı kimi bizim də problemlərimiz çoxdur. Başlıca məsələmiz ştat məsələsidir. Mən ali təhsilli gənclərə maaş verə bilmirəm. 10 il Soros fondu verdi. Sonra onlar Azərbaycandan gedəndən sonra bu problemə çevrildi. Qəsəbədə yaşayan gənclər diplomu "ölməsin" deyə, sağ olsunlar, gəlib könüllü işləyirlər. Doğrudur, praktika qazanırlar, amma, axı onların işi də asan deyil. Çox istəyərdim ki, bu məsələ həllini tapsın. Layihələr verilsin, nəzarət də etsinlər işimizə, amma bizim irəli getməyimiz üçün yol açılsın. Demirəm ki, dövlət heç yardım etmir. Doğrudur, bir neçə ildir ki, "Müstəqil həyat" İnkişaf və dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilovla birgə beynəlxalq festival keçirməkdə nazirlik bizə dəstək verir. Ötən il doqquz ölkənin bir qrup əlil gənclərini ölkəmizə gətirməyə nail olmuşduq. Bu ilin dekabrında yenə də planlaşdırırıq.
Bu arada mərkəzin mütəxəssisi Ülviyyə Axundova da söhbətə qoşuldu. Ülviyyə xanım beynəlxalq təcrübə ilə bizim vəziyyətimizi müqayisə edir. "Biz Validə xanımla dəfələrlə xarici ölkələrdə olmuşuq. İnkişaf etmiş ölkələrdə əlillərə münasibət, onların cəmiyyətdə yeri hamı kimi movcuddur. Bizdə doğrudan da yaxşı qanunlar var. Amma təəssüf ki, işləmir və ya yarımçıq işləyir. Misal üçün, ötən il Xızı, Quba, Siyəzən, Şabran rayonları üzrə erkən əlil yaşda uşaqlar üçün layihə keçirdik. 100 ailəyə mobil xidmət çərçivəsində yardım göstərdik. Təəssüf ki, 6 aydan sonra layihə dayandı. Bir də əsas məsələ valideynlərlə işdir".
"H. Əliyev Fondunun verdiyi avtobusun nə benzini var, nə də sürücüsü..."
Validə xanım əlillər üçün nəqliyyat vasitələrinin olmamasını da ümumi proplemlərdən biri olduğunu dedi. “Bir neçə il əvvəl şəhərə 20 saylı avtobus gətirmişdilər. Panduslu avto-bus sırf əlil arabasında olanlar üçün nəzərdə tutulmuşdu. Amma istifadə olunmadığından pandusu çıxarılıb xəttə buraxıldı. Bizə də H.Əliyev Fondu tərəfindən bir avtobus hədiyyə olundu. Təəssüf ki, benzini və sürücüsü olmadığından həyətimizdə qaldı. Bir də baxdıq, hissələri oğurlanıb. Yaxşı olardı ki, maddi dəstəyimiz verilərdi, bir sürücü işə götürə blərdik. Əlil uşaların valideynləri tərəfindən çölə çıxarılması işi də asanlaşardı. Çox valideyn elə nəqliyyatdakı problem üzündən uşağını evdən çıxarmağa əziyyət çəkir”.
Raminə Eyvazqızı