Əlilliyi olan şəxslərlə bağlı hüquqi baza təkmilləşdirilir

elilliyi-olan-sexslerle-bagli-huquqi-baza-tekmillesdirilir
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan dəyirmi masanı nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev giriş sözü ilə açaraq bildirib ki, ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaqla öz üzərinə mühüm öhdəliklər götürmüşdür. Konvensiyanı ratifikasiya etmiş iştirakçı dövlətlər əlilliyi olan şəxslərin bir fərd kimi cəmiyyətdə maksimum səviyyədə müstəqillik əldə etməsi və onu saxlaması, tam fiziki, əqli, sosial və peşə bacarığına malik olması üçün hüquqi, iqtisadi, sosial şəraitin yaradılmasını təmin etməli, eyni zamanda əlilliyi olan insanların cəmiyyətə tam inteqrasiyası istiqamətində proqramların, strategiyaların hazırlanmasını və həyata keçirilməsini milli siyasətlərinin mühüm prioritetlərinə daxil etməlidirlər.

Qeyd olunub ki, ölkədə əlillərlə bağlı tədbirlərin effektiv həyata keçirilməsi, əlilliyi olan şəxslərin iqtisadi müstəqilliyinin artırılması, onların həyatın bütün sahələrinə tam inteqrasiyasına geniş şərait yaradılması məqsədilə “2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün Tədbirlər Planının, “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi Qaydaları”nın, həmçinin “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun layihələri hazırlanmışdır. Əsas məqsəd isə əlilliyi olan şəxslərlə bağlı milli qanunvericilikdə ümumbəşəri dəyərlər əsasında təkmilləşdirmələr aparmaqdır.

Həmin layihə sənədlərində reabilitasiya tədbirlərinin səmərəsinin artırılması məqsədilə əlilliyi olan şəxslərin fərdi reabilitasiyasına xidmət edən qaydaların hazırlanması, 2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən onların sağlamlığının mühafizəsi və bərpası, təhsili və peşəyönümünün yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarının istifadəsi üçün şəraitin yaradılması, mövcud sosial infrastruktur obyektlərinin əlillər üçün müyəssərliyi ilə bağlı zəruri işlərin görülməsi nəzərdə tutulmuşdur.

Dəyirmi masada qeyd olunan layihə sənədləri geniş müzakirə olunub. Tədbirdə həmçinin əlilliyi olan şəxslərin innovativ xidmət və vasitələrlə təmin olunması, tibbi-sosial reabilitasiya işinin təkmilləşdirilməsi, sosial infrastrukturun müyəssərliyi, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər bildirilib.

Sonda dəyirmi masa iştirakçılarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan, əlilliyin müəyyən olunması, habelə tibbi-sosial reabilitasiya və protez-ortopedik bərpa xidməti, reabilitasiya vasitələri ilə təmin edilmək üçün alternativ müraciət qaydalarını əks etdirən bukletlər paylanıb.