“Əlimdən gələni edəcəm ki, “Sumqayıt”da qalım” - Samir Abbasov

elimden-geleni-edecem-ki-sumqayitda-qalim
Oxunma sayı: 2142

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" matçında meydan sahibləri 0:1 məğlub oldu.

“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransı keçirib.

- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Ancaq heç istəməzdim ki, bu çempionluq bu gün rəsmiləşsin. Bu gün əvvəlki oyunlardan yaxşı oynadıq. Əfsuslar olsun ki, alınmadı. Ağdam təmsilçisinə Çempionlar Liqasında bol-bol uğurlar arzulayıram.

 -    Final fitindən sonra hakimlərə hücum çəkdiniz...

-    Kubok oyunundan yığılmış məsələdi. Bir-iki hakimimiz var ki, birmənalı qarşılamıram. Ancaq indi danışsam, bizə baha başa gələ bilər. Çempionat bitsin, sonra danışaram.

-    “Bəlkə növbəti mövsüm “Sumqayıt”da olmadım” demişdiniz. Buna aydınlıq gətirərdiniz.

-    “Sumqayıt”ımı çox istəyirəm. Əlimdən gələni edəcəm ki, qalım. Rəhbərliklə görüşəcəm. Maaş haqda söhbət sonuncu yerdə dayanıb. Şəhərimi çox istəyirəm və bu klubu hər şeydən çox istəyirəm.

-    Ölkədə iki ən aqressiv məşqçidən birisiniz. Biri Ayxan Abbasovdu, biri də sizsiniz. Bəlkə aqressiyanıza bir məhdudiyyət qoyasınız?

-    Məsləhətinizə görə, təşəkkür edirəm. Uduzmaq istəməyən məşqçidə aqressiya təbiidi.

-    Avroliqa şanslarınız necədi?

-    Bugünkü oyun məni ümidləndirdi. On günə 4 oyunluq tsikli arxada qoyduq. Cavid İmamverdiyev və Rəşad Eyyubovun ayağı ağrıyırdı. Bu gün onları qorudum. İnanıram ki, bacaracağıq.

-    Qarşıdakı 4 oyunun 3-də evdə oynayacaqsınız. Kənardan təsir hiss etmirsiniz ki, komandanız geriləsin?

-    İnanmıram ki, “Qarabağ” çempionluğu təmin etdikdən sonra növbəti turlarda əzmkar oynamasın.

-    Bəs, hakimlikdən narahat deyilsiniz?

-    Öz meydanımızda oynayacağıq. Heç vaxt kənar amillərdən yararlanmamışıq. Çalışacağıq son 4 oyunda uğurlu çıxış edib ən azı 3-cü pilləni qoruyaq.