“Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər...” - İlham Əliyev+ Yenilənib

“Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər...”
Oxunma sayı: 1479

Azərbaycan prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.
 
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

***

“Biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır”.
 
Bunu oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir: “Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir. Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik”.
 
Prezident İlham Əliyev deyib ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur: “Bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən aktual mövzulardır. Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik. Mən əminəm ki, Komandanlar Şurasının iclası yüksək səviyyədə keçiriləcək və müzakirə olunacaq məsələlər ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmlənməsinə, sərhədlərin qorunmasının möhkəmlənməsinə gətirib çıxaracaq”.
 
MDB Sərhəd Qoşunları Komandanları Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov MDB Sərhəd Qoşunları Komandanları Şurasının yaradılmasının 25 illiyinə həsr olunmuş xatirə medalını və hədiyyələri dövlət başçısına təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi