Əliyar Ağayev Çempionlar Liqası oyununda

eliyar-agayev-cempionlar-liqasi-oyununda
Oxunma sayı: 641

Daha bir hakimimiz 2017-18 mövsümünə ilk təyinatını alıb. Rəhim Həsənov və Ömər Paşayevdən sonra digər FİFA referimiz Əliyar Ağayev də beynəlxalq arenada oyun idarə edəcək.

“Qafqazinfo” xəbər verir ki, Avropa Liqasına təyinat alan həmkarlarından fərqli, Ağayev Çempionlar Liqasında ədalət təmsilçisi olacaq. Qitə futbol qurumu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 18-də və ya 19-da keçiriləcək "Rusenborq” (Norveç) – "Dundalk” (İrlandiya) oyununu Ağayevə həvalə edib.
 
Norveçdəki görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
 
Qeyd edək ki, Əliyar Ağayev Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 29-da keçiriləcək "Kayrat” (Qazaxıstan) – "Atlants” (Litva) matçının dördüncü hakimi olacaq.