Əliyevlə Borisov bəyanat verdilər - Yenilənib

eliyevle-borisov-beyanat-verdiler
Oxunma sayı: 2853

Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

"Qafqazinfo" xəbər verir ki,  Prezident İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşılayıb.

Sonra birgə foto çəkdirilib. 

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə Bolqarıstan baş naziri Boyko Borisov mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bəyanatında bildirib ki, Azərbaycanla Bolqarıstan arasında əlaqələr çox uğurla inkişaf edir:

“Biz siyasi sahədə fəal əməkdaşlıq edirik. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən dəfələrlə Bolqarıstanda səfərdə olmuşam. Cənab Baş nazir Azərbaycana üçüncü dəfədir ki, səfər edir. Cənab Borisov keçən dəfə 2015-ci ildə Azərbaycanda səfərdə idi. O vaxt cənab Baş nazir birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Biz Azərbaycanda Sizin bu mərasimdə iştirakınızı yüksək qiymətləndiririk, bunu yadda saxlayırıq və bir daha buna görə Sizə minnətdarıq.

Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik.

Əlbəttə ki, bu gün danışıqlarımızın əsas mövzusu energetika sahəsi ilə bağlı idi. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir.

Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər.

Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır. Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq.

Mən cənab Baş nazirə məlumat verdim ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olub. Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün”.

İlham Əliyev qeyd edib ki, sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək:

“Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək”.

Prezidentin sözlərinə görə, humanitar sahədə də əməkdaşlıq dərinləşdirilir:

“Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcəkdir.

Mən Baş nazir Borisova Bolqarıstanın Avropa İttifaqına sədrliyi ilə bağlı təbriklərimi çatdırdım. Bu, Bolqarıstanın böyük uğurudur və böyük məsuliyyətidir. Əminəm ki, Bolqarıstan bu şərəfli missiyanı uğurla icra edəcək. Eyni zamanda, Bolqarıstanın sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacaq, xüsusilə hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində iş aparırıq və danışıqlar çox uğurla davam etdirilir”.

Bolqarıstan baş naziri Boyko Borisov isə Trapezitsa kompleksi üçün görülən işlərə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib:

“Trapezitsa kompleksi üçün görülən işlərə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Siz bu ilin ikinci yarısında ölkəmizə işgüzar səfər edəcəksiniz və biz Sizin rəhbərliyinizlə böyük nümayəndə heyətini qəbul edə biləcəyik. Mən Sizin dediklərinizin Bolqarıstan üçün əhəmiyyətini qeyd etmək istərdim. Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb. Eyni zamanda, biz qeyd edə bilərik ki, son günlər, xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik, elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin. SOCAR-ın dəstəyi və Azərbaycan qazının tədarükü sayəsində qonşu Gürcüstan qazlaşdırılıb. Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcudluğu barədə danışırıq. Ümid edirik ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək. Qeyd etmək istərdim ki, hörmətli prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq”, deyə baş nazir bildirib.
 
Boyko Borisov deyib ki, hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək: “Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək.”
 
Baş nazir qeyd edib ki, Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir: “Biz ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, - nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, - bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır”.