Əllərinə pul düşən kimi qudururlar…

ellerine-pul-dusen-kimi-qudururlar
Oxunma sayı: 664

Seymur Verdizadə

Harın, yekəxana, qudurğan iş adamlarını tənqid etməyim bəzi dostlarımızın narahatlığına səbəb olub. Onlar hesab edirlər ki, mən öz yazılarımla ölkədə milli burjuaziyanın inkişafına mane oluram. Sən demə, özlərini burjua sinfinə aid edən bu adamlar tənqidlə üzləşəndə pəjmürdə olurmuşlar…

Tarixdən də məlum olduğu kimi, orta əsrlərdə seçilən şəhər əhalisinə burjuaziya deyilirdi. Avropada kapitalizmin meydana gəlməsi ilə burjua sinfinin tərkibində keyfiyyət dəyişikliyi baş verdi. Azərbaycanda isə milli burjuaziyanın yaranması neft sənayesinin inkişafı ilə bağlı idi. Buna baxmayaraq, 20-ci əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi neft milyonçuları ilə yanaşı, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kim böyük fikir adamları da milli burjuaziyanın öncüllərindən sayılırdılar. İnd ayı əti yeyən, itinə toy edən, məşuqəsinin iri məmələrinin arasına dollar dürtən milyonçulardan fərqli olaraq, Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda qızlar məktəbi açmışdı.

Gecə-gündüz özünün və arvad uşağının rifahını yaxşılaşdırmaq barədə düşünən adamlar burjua sinfinə aid ola bilməzlər. Avropada burjuaziya başını kralın edam kötüyünün üstünə qoyub inqilab etdi, ölkəyə demokratik idarəçilik gətirdi. Bizimkilər isə ortabab bir məmur axtarırlar ki, özlərini onun arxasına pərçimləsinlər.

Sizi deyə bilmərəm, şəxsən mən itinə toy edən adamı milli burjuaziyanın nümayəndəsi hesab etmirəm. Başa düşürəm, pulu qazanan adam onu istədiyi kimi də xərcləyə bilər. Amma heç kimin ixtiyarı yoxdur  ki, xalqın toy kimi gözəl adətini ələ salsın, aşağılasın. Xalq aşığını məclisə çağırıb, ona iki ağılsız köpəyin şəninə mahnı oxutdurmaq tərbiyəsizlikdir. Dünyanın əksər xalqları kimi biz azərbaycanlılar da un məmulatlarını müqəddəs sayır, yerə düşmüş çörək parçasını öpüb gözümüzün üstünə qoyuruq. Belə bir xalqın nümayəndəsi tortun üstünə it şəklinin çəkilməsinə necə razı ola bilər? Bu, harınlıq deyil, bəs nədir?

İdarə etdiyi bahalı “Porsche” ilə dəhşətli qəza törədən Ağəli Fərəcovun adı ətrafında yaranmış ajiotaj hələ də səngiməyib. Oğlu iki körpə fidanı yetim qoyduğu üçün Ağəlinin atasının yaxasından medal asmalıydıq? Bu necə atadır ki, orta məktəb şagirdi olan oğlunun eyş-işrət məclisi təşkil etməsinə, qəlyan sümürməsinə, günahsız insanları qarışqa kimi əzməsinə göz yumur? Bəs mətbuat nədən ötrüdür? Bu cür harın, yekəxana adamların üzərində ictimai nəzarəti kim təmin etməlidir? Yoxsa, evimizdə oturub bu adamların bir-bir hamımızın axırına çıxmağını gözləməliyik?

Jurnalist dostum Elçin bəy bir müddət əvvəl bir imkanlı iş adamı ilə tanış olub. Söhbət əsnasında həmin iş adamı belə deyib: “Hündür maşınlarla gedəndə yolun kənarındakı adamlar gözümə pişik boyda görünürlər. Bəzən istəyirəm ki, onları əzib xurd-xəşil edim. Amma maşının təkərlərinə heyfim gəlir”.

Budur bizim bəzi iş adamlarının siması! Əllərinə pul düşən kimi qudururlar. Qudurğan adamlara quduzluq əleyhinə iynə vurmaq isə biz ziyalıların, jurnalistlərin vəzifəsidir. Allaha şükür, qələmimiz neştər kmidir…