Elmar Məmmədyarov Fransadan gələn nümayəndə heyəti ilə görüşdü

elmar-memmedyarov-fransadan-gelen-numayende-heyeti-ile-gorusdu
Oxunma sayı: 636

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Florans Manjən Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Fransaya baş tutan səfərini çox məhsuldar olduğunu dedi və ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. O, həmçinin, Fransa şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sferasında, xüsusən də kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində işləməkdə maraqlı olduqlarını qeyd etdi.

Nazir Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açdı və həlli uzadılmış münaqişələrin həllinə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət kimi vahid prinsiplərdən çıxış edilməsinin vacibliyini qeyd etdi. O, zor gücünə dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyini və bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu diqqətə çatdırdı. O, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdikləri kimi indiki status-quonu qəbuledilməz və qeyri-davamlı olduğunu qeyd etdi.