Elmar Məmmədyarov prezidentlə görüşdü

elmar-memmedyarov-prezidentle-gorusdu
Oxunma sayı: 957


“Qafqazinfo” XİN saytına istinadən xəbər verir ki, görüş zamanı Finlandiya Prezidenti iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və iqtisadiyyat, enerji, kənd təssərüfatı və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə Finlandiya Prezidentinə məlumat verib və regional inkişafa və sabitliyə təhdid olan bu münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini həmsöhbətinin diqqətinə çatdırıb. 

Həmçinin görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurasında sədriliyi çərçivəsində prioritetləri və Aİ ilə əməkdaşlığa dair Azərbaycanın mövqeyi barədə məlumat verib. 

Finlandiya Prezidenti verilmiş məlumata görə nazirə təşəkkür edib və Azərbaycana səfər etmək niyyətini ifadə edib. 

Görüşün sonunda nazir Elmar Məmmədyarov Prezident sarayında xatirə kitabına ürək sözlərini yazıb.