Elmar Vəliyevə sui-qəsdin pərdəarxası

elmar-veliyeve-sui-qesdin-perdearxasi
Oxunma sayı: 12614

Qan Turalı 

Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin güllələnməsi ölkə gündəmini silkələdi.

Azərbaycanda belə şeylər heç on ildə bir dəfə də olmur.

Ölkəmiz terror ölkəsi deyil.

Nə İŞİD-i var, nə də PKK-sı...

Lakin bu sui-qəsd ölkəmizlə bağlı bir sıra mətləbləri üzə çıxartdı ki, indi həmin mətləblərdən danışmaq zamanıdır. 

Dövlət işçilərinə qarşı sui-qəsdlər terrorun çox mühüm bir formasıdır. 

(Yeri gəlmişkən, dünən əzəmətli Zahir Oruc  Elmar Vəliyev haqqında ali dövlət orqanı təmsilçisi sözünü işlətdi. Konstutusiyamızda Ali dövlət orqanı anlayışı bir şey yoxdur, hakimiyyətin üç qolu da bərabərdir, əksi totalitar dövlətlərdə olur. Bunu da bağışlayaq müəllimin Politexniki qurtarmağına)

Misal üçün, Türkiyədə radikal sol meylli DEV YOL otuzdan artıq dövlət məmuruna qarşı sui-qəsd etmişdi.

Bu məmurların arasında Türkiyə xüsusi xidmət orqanlarının ikinci şəxsi Hiram Abbas belə vardı.

Cəmiyyət təbiət kimi deyil, orda hansısa bir ekspriment aparmaq mümkünsüzdür.

Cəmiyyəti laboratiya şüşəsinə salmaq olmaz.

Belə situasiyalarda cəmiyyətin içində çoxdan gizlədilmiş meyllər də üzə çıxır.

Söhbət nədən gedir?

Qatilin qəhrəmanlaşdırılmasından...

Terrorun adiləşdirilməsindən və hətta ona qarşı yaranan rəğbətdən...

Bu rəğbəti yaradan nədir?

Ümumilikdə, bu suala cavab bizi əslində terroru da yaradan və onu cəmiyyətin gözündə leqalize edən səbəblərə aparıb çıxarır.

Terror o ölkələrdə olur ki, o ölkədə qanunlar ya pis işləyir ya da ümumiyyətlə heç işləmir.

Zahid Oruc “qaçaq-quldur” sözünü ikrahla işlətsə də tarixdən biz çox gözəl bilirik.

Çar Rusiyası dövründə ölkədəki xaos pik həddə idi, mülkədarlar kəndlilərlə amansızlıqla rəftar edirdilər və qaçaqçılıq hərəkatı da bu narazılıqdan doğmuşdu, böyümüşdü, alovlanmışdı.

Bu mənada terrorun özündən çox ona yaranan rəğbət qorxuludur.

Bu cür hallar varsa demək qanunlar işləmir, demək məmurlar heç bir şeyə fikir vermirlər, demək idarəetmə qüsurludur.

Demək, hakimiyyət qolları arasındakı balans qorunmur, hansısa bir rayon prokurorun o ölkənin icra başçısına hansısa bir məsələ ilə bağlı cinayət işi açmasını gözləyirsinizmi?

Ya da hansısa rayon məhkəməsi o rayonun icra başçısı demirəm hansısa bir məmurunun əleyhinə qərar çıxara bilərmi?

Bu xəyal olardı, ancaq  bu faktın özü qanunsuzluğun hökmranlığından və hakimiyyət qollarının Zahid müəllim deyən kimi birinin ali formaya çevrilməsindən yaranır.

Çarə nədir?

Çarə odur ki, məmurlar xalqı düşünsünlər, qanunlara riayət etsinlər, oturduqları o kreslonun xalqa xidmət üçün onlara verildiyini bilsinlər.

Məmur yaxşı işləsə ona qarşı rəğbət də yaranar, hörmət də qazanar və heç kim ona qarşı sui-qəsdə görə sevinməz də.

O yerdə terror olur ki, orda qanuni yollarla nəsə etmək çətinləşir.

Həll yolları tıxanır.

Əlbəttə ki, bu hadisədən sonra Azərbaycanda terror fırtınası əsəciyini güman etmək olmaz.

Lakin bu mühüm bir siqnaldır, bir işarədir.

Eləcə də Mingəçevirdəki qəza...

Özümüzə gəlmək vaxtıdır.