Elnur Seyidovun həbsindən apellyasiya şikayəti verildi

elnur-seyidovun-hebsinden-apellyasiya-sikayeti-verildi
Oxunma sayı: 640

Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, apellyasiya şikayətində Səbail Rayon Məhkəməsinin Elnur Seyidov barəsində çıxardığı üç aylıq həbs qərarının ləğvi istənilir.
Apellyasiya şikayətinə Elnur Seyidovun ağır xəstə olması haqda arayış və onun himayəsində olan üç azyaşlı övladının doğum şəhadətnamələri əlavə olunub: “Elnur Seyidov tibb tarixində nadir rast gəlinən ağır bir xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Həkimlər də təsdiq edir ki, belə xəstənin həbsxanada saxlanılması çox təhlükəlidir. Hər an xəstəlik şiddətlənə və bu da ölümlə nəticələnə bilər. Bundan başqa Elnur Seyidovun himayəsində üç azyaşlı uşaq var”.
Vəkil ümid edir ki, Bakı Apellyasiya Məhkəməsi Elnur Seyidovun səhhətini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq ədalətli qərar qəbul edəcək: “Ümid edirik ki, Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını ləğv edəcək. Bundan başqa, mətbuatın yazdığına görə, “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev azadlığa buraxılıb. Bu, jurnalist araşdırması nəticəsində məlum olub. Bankdan da bildiriblər ki, Etibar Əliyev azadlıqdadır və müşavirə keçirir. İstintaqı aparan orqan da Etibar Əliyevin azadlığa buraxıldığını təkzib etməyib. Elnur Seyidova verilən ittihamda yazılır ki, o, Etibar Əliyevin təşkilatçılığı və tapşırığı ilə qanunsuzluqlar törədib. Əgər təşkilatçı azadlıqdadırsa, Elnur Seyidovu hansı məntiqlə həbsdə saxlayırlar?
Bizdə olan məlumata görə, “Texnikabank”ın həbs olunan digər yüksək vəzifəli nümayəndələri də azadlığa buraxılıb, yalnız Elnur Seyidovu saxlayıblar. Deməli, bu işin xüsusi planlaşdırıldığı, siyasi xarakterli olduğu, AXCP sədri Əli Kərimliyə təzyiq göstərmək üçün həyata keçirildiyi təsdiqlənir”.
Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, nazirliyin təcridxanasında saxlanır, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.