Elşad Mirinin kitabına niyə qadağa qoyuldu?

elsad-mirinin-kitabina-niye-qadaga-qoyuldu
Oxunma sayı: 4580

“Elşad Mirinin çap etdirmək istədiyi kitabda, demək istədiyi sözlərdə bu günə qədər Azərbaycanda çoxları üçün təəccüblü gələn bəzi məsələlərə aydınlıq gətirməsidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “A24.az”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev Elşad Mirinin çapına qadağa qoyulan “İslamda Yoxdur!” kitabı haqqında fikirlərini söyləyərkən deyib. Rafiq Əliyev danışığı zamanı ilahiyyatçı Elşad Mirinin məqsədinin nə olduğunu bu cür izah edib: “Elşad Mirinin həm yazlarını oxumuşam, həm də televizor və video çıxışlarını izləmişəm. Özüm də onun söylədiklərini, məqsədi nəyi öyrətməkdir təxminən bilirəm.

Dövlət Komitənin, əlbəttə, ixtiyarı var hansısa kitabın çap olunmasına icazə verməsin. Onlar da yəqin ki, bunu əsaslandırırlar. Elşad Miri özü də dövlət komitəsində işləyib və bəzi kitablara qiymət verib. Mənim yadımda qalanlara görə, Elşad Mirinin çap etdirmək istədiyi kitabda, demək istədiyi sözlərdə bu günə qədər Azərbaycanda çoxları üçün təəccüblü gələn bəzi məsələlərə aydınlıq gətirməsidir. Birincisi, insanlar öyrəndikləri adətlərdən  çox gec imtina edirlər, bəziləri isə ömürlərinin sonuna qədər imtina etmirlər. Hətta bəzi zərərli adətlər var ki, onlardan insanlar çəkinə bilmirlər. Bu nöqteyi nəzərdən onların dedikləri ilə Qafqaz Müsəlmanları İdarəsinin qoyduğu qaydalar arasında ciddi fərq var. Həm ölülərin basdırılması, həm Quranın oxudulması, həm də bəzi parametrlərin olmamasıdır. Bütün bunlar QMİ-nin dedikləri və indiyə qədər təsdiq etdiklərinin əksinə çıxır. Bu da yəqin ki, QMİ-ni qıcıqlandırır və düz olsa da, olmasa da Dövlət Komitəsi QMİ-nin rəyini nəzərə alır. Eyni zamanda, bunun çıxmasının insanlara necə təsir edəcəyini, cəmiyyətdə necə qarşılanacağını əvvəlcədən görməlidir.

Elşad Miri bu günə qədər bizim camaatın İslam haqqında olduğu təsəvvürlərini yeniləşdirib, bəzilərini tamamilə kənara atıb. Bu da insanlara xoş gəlmir. Elşad Miri üzərində dayanıb kitabı xaricdə çap etdirə bilər, problem yoxdur, ölkəyə gətirilməsinə qadağa qoyacaqlar. Mən istəməzdim ki, Elşad Miri kitabını xaricdə çap elətdirib sonra bura gətirsin və ciddi surətdə din xadimləri və QMİ ilə məhkəmə prosesinə girsin. Məsləhət görərdim ki, hissə-hissə çap elətdirsin, daha sonra çap elətdirdiyi materialı  yığıb bir toplum şəklində çapa verə bilər. Bu, ən asan formasıdır və heç kəsi də qıcıqlandırmaz”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.