Elşad-videolardakı quşlar

elsad-videolardaki-quslar
Oxunma sayı: 645

Yox, kəkələyib-eləmirəm. Şitliyim də tutmayıb. Heç başıma hava zad-da gəlməyib. Bu sözləri özüm qəsdən dalbadal, cüt-cüt deyirəm. Əcəb eləyirəm. Özüm bilərəkdən belə deyirəm ki, qoy əvvəla, YAP-çılar bir daha dilxor olsun. Başlarına gələn və haqq elədikləri bu biabırçılığı bir daha yadlarına salsınlar, bağırları çatlasın, utana biləni utansın. İkincisi isə mən də sadiq oxucularıma verdiyim sözümü tuta bilim. Axı onlara vəd vermişdim.

Bu dəqiqə bəzi sadiq oxucularımın qınaqları ilə üzbəüz qalmışam. Onlar mənim “Gülər Əhmədova məsələsini unutmağa, unutdurmağa yol vermək olmaz, bu məsələdən hər gün yazıb YAP-çıların qanını qaraltmaq lazımdır” sözlərimi başıma qaxıb bu biabırçılıqdan hər gün yazmamağımı irad tuturlar. Düz də eləyirlər.

Deyirlər bəs noldu, Gülər məsələsini niyə unutdun, niyə unutmağa qoydun, bundan niyə hər gün yazmırsan. Yox, əziz dostlar, unudub-eləməmişəm. Məşhur bayatıda deyildiyini belə aranjeman edək, Siyavuşun da könlü xoş olsun: YAP-çıların sayı 1 milyona çatsa da yaddan çıxmaz YAP-a çəkilən bu video-dağ...

Ona görə də bugünkü mövzumuza dəxli olmasa da sırf oxucuların və öz vədimin xətrinə bir daha yazıram: “YAP Elşadın videosundan sonra Afrikadan üzü belə külli-aləmdə rüsvay oldu. Əli Əhmədovun partiyasının olub-qalan 5-10 qramlıq nüfuzu da Gülər hadisəsindən sonra getdi işinin dalınca. Bunları hətta Şimali Koreyada, Konqoda da ələ salıb gülürlər. Oxayyyy...”

YAP-ın düşdüyü bu kədərli və acı vəziyyətdən çıxıb qayıdaq şad-xürrəm və şirin söhbətlərə. Bizim işimiz də dəyərli oxucuları dinləyib onların zövqünü oxşamaq olduğundan gərəkdir ki, burada onların ikinci xahişinə də əməl eləyək.

Gəray Şahbazov adlı oxucu yazır: “Gəncənin əvvəlki, Sumqayıtın indiki icra başçısı Eldar Əzizov hər dekabrda prezidentin ad günü münasibətilə qəşəng tort bişirir. Amma o milli-demokratik tortu yalnız Sumqayıt camaatı görür və yeyir. Digər vətəndaşlarımız isə baxa-baxa qalır. Halbuki konstitusiyamızda yazılıb ki, bütün insanlar bərabər doğulur və bütün vətəndaşlar bərabərhüquqludur. Tortun yalnız sumqayıtlılara qismət olması isə bu hüquqların pozulmasıdır. Bəs məsələn, Şəmkir, Masallı, Qusar... sakinləri? Məsələn, mən Yasamalda yaşayıram. Biz yasamallılar çox istəyirik ki, 51 metrlik o tortu heç olmasa 5 metrlikdən görək. Yeyək demirik e, görək...

Bu, lider dövlətimizin əlində əslində çətin də deyil. Bunun sadə yolu var. Təklif edirəm ki, Əzizov indən belə o tortu bütün ölkə boyunca gəzdirsin. Zəhmətkeşlər yol boyu düzülüb əl çalsın, tortun şərəfinə lent və qurban kəssin. Müxtəlif mərasimlər keçirilsin. Bunun üçünsə o nəhəng tortu bütün ölkə boyunca gəzdirə bilən bir qurğuya ehtiyacımız var. Sənaye imkanlarımız genişdir. Yavər Camalov yaba sapından çox müasir özüyeriyən silahlar düzəldə bilirsə, milli sənayemizin əlində 50-60 metrlik tortu daşıya bilən tortovoz düzəltmək nə çətin işdir ki?! Gözləyirəm, o tortovoz gələn ilə hazır olmasa, Avropa Məhkəməsinə müraciət edəcəyəm. Analoqu olmayan torta baxmaq hüquqlarımın pozulması ilə razılaşa bilmərəm...”

Nə deyirəm, Gəray bəy, Allah sənin də işini avand eləsin, tortovoz istehsal edəcək Yavər Camalovun da...

Bu gün bizimki deyəsən belə gətirdi. Yazının ağzını yazmaq istədiyim mövzuya tərəf döndərməyə təzəcə kərəzlənmişdim ki, yenə bir oxucu müraciəti gəldi. Çoxdankı tanışlardan biri Salyandan zəng vurub vacib bir məsələ haqda aktual sual verdi. Deyir bu nədi alə, YAP-ı biabır eləyən videolar söhbətinin ha tərəfini qurdalayırsan, içindən təzə növ quş çıxır: “Keçən dəfə Gülər Əhmədova “xoruz, xoruz” deyib durmuşdu. Onun dalınca Elşadın özünə “qaz” ayaması qoyuldu. İndi də Elşad “Qarğa” ləqəbli bir agentdən danışır. Bir quşbaz kimi iki şeyi bilmək istəyirəm: birincisi, siyasət meydanında bu nə quşxanadır açılıb, ikincisi, o videotekada daha hansı quşlar var?”

Əziz quşbaz qardaş, şayiələrə görə, suala YAP Siyasi Şurasının rəsmi cavabı olacaq. Mən də oturub gözləyirəm.../musavat.com/